Uşaqlarda dəhşətli virus: infeksion palatalar dolub-daşır

4-04-2018, 21:18           

Novruz bayramından sonra respublikanın əksər uşaq infeksion xəstəxanalarında az qala körpələr üçün palatalar tapmaq olmur.

Hər 2-3 saatdan bir təcili tibbi yardım maşınları uşaqları xəstəxanalara çatdırırlar. Son 1 həftə ərzində Bakının uşaq infeksion xəstəxanalarının palataları dolub – daşıb.



► Qusma, qızdırma, halsızlıq…

Bu barədə AzEuroNews.com üçün reportaj hazırlayarkən əldə etdiyimiz məlumatlarda bildirilir.

Hazırda uşaqlarla yanaşı böyüklərdə də boğaz ağrısı, qızdırma, qusma, halsızlıq, bağırsaq pozğunluuğuəlamətləri ilə müşayiət olunan kəskin respirator virus infeksiyası yayılıb.

Bu sətirlərin müəllifinin övladı da təcil tibbi yardımla 5 saylı uşaq infeksion xəstəxanasına çatdırılıb, 3 gün davam edən qusma və qızdırma hallarının qarşısını almaq üçün mədə-bağırsaq yuyulub, üç gün sistem qoşulub, analizlər götürülüb.



Həkimlərin sözlərinə görə, hazırda yayılan virus körpələrdə daha çox müşahidə olunur. Mədə-bağırsaq pozğunluğu ilə müşayiət olunan bu xəstəlik mikroblar təmizlənənə qədər davam edir.

Gün ərzində müxtəlif uşaq xəstəxanalarının infeksion şöbələrinə onlarla azyaşlılar gətirilir. Bayramdan sonra yayılan bu virusun qidalarla əlaqədar olduğu deyilir.

Həkimlər məsləhət görürlər ki, valideynlər bu aralar uşaqların qidasına xüsusi diqqət yetirsinlər, soyuq hava şəraitində az olsunlar.

► “İmalə elədik, dərman verdik, xeyri olmadı”

2 yaşlı qızını infeksion şöbəyə təcili çatdıran Mayis Səmədovun dediyinə görə, uşağa qusmaya qarşı “smekta” içirilib, imalə olunub, amma xeyri olmayıb:

“Həkimlər sodalı su içirdilər, imalə elədilər təzədən, sistem qoşdular, uşaq özünə gəlib. Neçə gündür halsızlıq, qızdırma, qusma dayanmırdı.

Uşaqda heç bir soyuqdəymə əlaməti də yoxdur. Birdən-birə qusdu, qızdırması qalxdı. Bilmirik havada, yeməklərdə virus var yoxsa başqa nəsə epidemiyadır”.

Nailə Cəlilova da övladında oxşar əlamətlər olduğu üçün uşağı təcili tibbi yardımla infeksion şöbəyə yerləşdirib.

Onun sözlərinə görə, yaşadıqları Bakıxanov qəsəbəsindəki ünvanda evində körpəsi olan əksər ailələr eyni xəstəliklə qarşılaşıblar:

“Bu dəqiqə bütün qidalar keyfiyyətsizdir. Mənə dərs olsun ki, uşaqlara daha kolbasa-sosiska, çipsi, fast-fud yeməklər almayım.

Palatalarda heç yer yoxdur. Qusmadan, pnevmaniyadan əziyyət çəkən çoxlu uşaqlar var. Özünüz də görürsünüz”.

Qeyd edək ki, bu ilin yanvarında də dəhşətli virus yayılmışdı. Ancaq son günlərdə böyüklər arasında da qusma, qızdırma, boğaz ağrısı halları yayılmaqdadır.

► Nazirlikdən xəbərdarlıq

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva da deyib ki, kəskin respirator virus infeksiyası ilə yanaşı, havaların qeyri-sabit keçməsi ilə əlaqədar hazırda insanlar arasında soyuqdəymə hallarına da rast gəlinir:

“Valideynlərin uşaqlarını hava şəraitinə uyğun geyindirməməsi, həkimə vaxtında müraciət edilməməsi, düzgün müalicə olunmaması belə hallara səbəb olur”.

A.Əliyeva bildirib ki, son həftələr, xüsusilə Novruz bayramından sonrakı həftələr ərzində kəskin respirator virus infeksiyalarına yoluxmanın azalması halları 2 dəfəyədək azalıb. Amma buna baxmayaraq, əks-epidemik tədbirlər davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.