Seçkilərdə ölkəmizə gələn ərəb müşahidəçi Bakıdan yazdı - O, “Tarqovı”da nələr görüb?

30-04-2018, 18:25           
Seçkilərdə ölkəmizə gələn ərəb müşahidəçi Bakıdan yazdı - O, “Tarqovı”da nələr görüb?
BƏƏ-nin "Business Magazine" jurnalında Azərbaycanla bağlı yazı dərc olunub.

teref.az xəbər verir ki, ölkənin Azərbaycandakı növbədənkənar prezident seçkilərində müşahidə qismində iştirak etmiş təmsilçisi Camal əl-Məcayda şəhərdə gəzib gördüklərini qələmə alıb. WorldMedia.Az-ın tərcümə etdiyi həmin yazını təqdim edirik:

Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkisində müşahidə qrupunun tərkibində idim. Bu səbəblə ölkənin Xəzər dənizinin sahilində yerləşən paytaxtı Bakıda oldum. Bakının gözəlliyinə sözün əsl mənasında heyran qaldım. Bura ətraf dağlardan əsib gələn güclü hava axınları üzündən "Küləklər şəhəri” adlandırılır.

Şəhərdə düz 1 həftə qaldım. Bu 1 həftədə gözəl Bakının şəhər həyatı ilə tanış oldum. Şəhəri gəzən zaman müşahidə etdim ki, Bakı Qafqazın ən gözəl və ən böyük şəhərlərindəndir. Buraya böyük turist axını var. Tarixi və arxeoloji abidələrindən ibarət təmtəraqlı bir vahənin qoynunda yerləşən Bakı qonaqlarına səadət və istirahət, alış-veriş imkanları və Xəzər dənizinin sahillərində rəngarəng gəzinti fürsəti verir.

Bakının UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş İçərişəhərinin gözoxşayan daş divarları, daş döşənmiş küçələri insanı paytaxtın qalan hissələrinə hakim kəsilmiş göydələnlərin, təmtəraqlı villalar yer aldığı məhəllələrin səs-küyündən uzaqlaşdırır, insan ruhuna bir rahatlıq verir. Qala divarları ilə əhatələnmiş bu şəhərdə şanlı tarixin yaxşı qorunub saxlanmış hekayələri var. Burada qonaqlar Qız qalasına çıxaraq əsrarəngiz təbii mənzərəyə, qədim şəhərin dolama küçələrinə, uca minarələrinə baxmaqdan həzz ala bilər. Müqəddəs Şirvanşahlar sarayına daxil olmazdan əvvəl filosof Seyid Yəhya Bakuvinin türbəsinə, XVII əsr abidəsi olan hamama, naxışlı kiçik daş evə baş çəkin. Qədim şəhərə səyahəti kiçik məscidlərin divarları arasında yerləşən ticarət köşkləri, tutqun rəngli butiklərlə tanışlıqla bitirin. Buradakı tarixi məkanlarda çay evləri, sənət sərgiləri və muzeylər də var.

Şəhərin mərkəzində, xüsusilə məşhur Nizami küçəsində gəzərək, görməli yerlərlə, tarixi məkanlarla tanış olaraq yorulduqdan sonra dəbdəbəli otellərin birinə yollana, hovuzda dincələ, müasir təmtəraqlı otellərin eyvanından şəhəri seyr etməklə yorğunluğunuzu çıxara bilərsiniz. Bakıdakı dünya brendi olan otellər turistlərin, qonaqların istirahəti üçün lazım olan bütün tələblərə o qədər cavab verir ki, onsan orada özünü zəngin sayır.

Fəvvarə meydanı

Məftunedici "Crystal Hall” böyük musiqi tədbirinə ev sahibliyi etmək məqsədilə tikilmişdi. Bina Xəzər dənizinə uzanan kiçik torpaq çıxıntısının üzərindədir. Gündüz o, günəşin şüaları altında par-par "yanır”sa, gecə göy üzünü lazer şüaları ilə işıqlandırır.

Binanın yaxınlığında Dövlət Bayrağı Meydanı yerləşir. Burada dalğalanan bayraq dünyada ən böyük bayraqlardan biri, Avropada isə ən böyük bayraqdır. Bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın uzunluğu 70, eni isə 35 metrdir.

Şəhəri əksəriyyəti son 10 ildə tikilmiş bir-birindən dəbdəbəli göydələnlər bəzəyir.

"Alov qüllələri”

Bakının ən məşhur məkanlarından biri "Alov qüllələri”dir. 3 uca qüllədən ibarət binanın hündürlüyü 235 metrə yaxındır. Qüllələr gündüz vaxtı parlayır. Gecə onlar daha valehedici olur. Qüllələrin üzərindəki 10 minlərlə rəngli lampar yanaraq işıqdan müxtəlif həndəsi şəkillər, rəqs edən alov dilləri yaradır. Bu, Azərbaycan sözünün mənasının "Odlar yurdu” olduğuna işarədir. Ölkə məhz bu adla tanınır. Çünki burada təbii qaz torpağın altından od püskürür. Azərbaycan nəhəng neft-qaz ehtiyatlarına malikdir.

Qız qalası

Paytaxtın mühüm turizm məkanlarından biri də Qız qalasıdır. Bakılılar Qız qalasını parislilərin Eyfeli sevdiyi qədər sevir. Qədimdə o, məbəd olub. Sonra müşahidə qülləsi, daha sonra isə gəmilərə yol göstərən mayak kimi istifadə edilib. Bu gün qonaqlar 28 metrlik qalanın zirvəsindən şəhərin ecazkar mənzərəsini müşahidə edə bilər.

Qədim tarix

Bakının qədim tarixi UNESCO-nun Dünya İrsi Siyahısına daxil etdiyi İçərişəhərin qala divarları arasında indi də qorunur. Bununla yanaşı, şəhərdə çox sayda əyləncə məkanı, bazar və müasir alış-veriş yerləri var. İçərişəhərdə qonaqlar yerli ləziz təndir çörəyinin dadına baxa bilər. Bu çörək gil sobalarda – təndirlərdə bişirilir və şor inək pendiri, yaxud qaymaqla təqdim olunur. Süfrəyə qara çayla şirniyyat və mürəbbə də gətirilir.

Qonaqlar Bakını tərk edərkən Azərbaycanın milli geyimlərini, yaxud əllə toxunmuş xalça, zinət əşyaları ala bilər.

Şirvanşahlar sarayı

Bakıda qonaqların mütləq baş çəkdiyi digər məkan Şirvanşahlar sarayıdır. Onun tarixi XV əsrə gedib çıxır. Bura əvvəllər qala və ya müdafiə istehkamı olub. Bu gün orada maraqlı muzey fəaliyyət göstəriri. Muzeydə çox kiçik ölçülü sənət əsərləri, kitablar, dünya şöhrətli yazıçıların, o cümlədən Vilyam Şekspirin, məşhur rus şairi Aleksand Puşkinin əsərləri sərgilənir.

Xalça muzeyi

Əslində muzey xalçalarla, toxuculuqla bağlı olsa da, sərgilənən xalılar, onların naxışları ölkənin keçdiyi tarixi hadisələri əks etdirir. Muzeyin binası bükülmüş xalça formasında tikilib. Bu, ölkənin İpək yolu üzərində mühüm dayanacaq olduğuna işarədir. Ümumiyyətlə, Azərbaycan xalça toxuculuğu, heyrətamiz gözəl əl işlərinin vətəni kimi tanınır. Qonaqlar muzeyin satış nöqtəsində bu toxuculuq məhsullarından bəzilərini ala da bilər.

Yanardağ

Bura dağdan daha çox təpəyə bənzəyir. O, çox gözəldir. Rəvayətə görə, XIII əsrdə bir axmaq çoban bu ərazidə siqaret yandırıb və nəticədə ərazi alovlanıb. Vaxtilə burada yerdən çıxan alovun hündürlüyü 10 metrə çatırmış. Ehtimala görə, səyahətçi Marko Polo burada olub.

Heydər Əliyev Mərkəzi

Bu böyük bina Bakı şəhərinin əzizlənən uşağı kimidir. 2012-ci ildə tikilmiş bu memarlıq incisi müstəqil Azərbaycan dövlətinin sabiq prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzdə sərgi zalları, daimi və müvəqqəti sərgilərin keçirildiyi muzey də var. Burada klassik avtomobillər və sənət işləri nümayiş olunur.

Qobustan qoruğu

Qobustan Milli Qoruğu Bakı şəhərinə yaxındır. Qoruq 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Qobustanda palçıq vulkanlarını da müşahidə etmək olar. Amma ərazidəki çoxsaylı qədim mağaralar da maraqlıdır. Qobustanda 6000-ə yaxın qayaüstü rəsm, o cümlədən ibtidai insanların yaşayışını təsvir edən petroqlifləri görə bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.