Sanksiya İranı sıxır: İrəvan üçün yeganə yol qaldı

30-05-2018, 10:02           

Ermənistan rəhbərliyi Tiflisə iki səbəbə görə gedir.

Bu sözləri Axar.az-a Ermənistan rəhbərliyinin Gürcüstana gözlənilən səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistanın Gürcüstanla əlaqələrinin son iki ildə intensivləşdiyini qeyd edib:

“Görünür, Paşinyan Sərkisyanın bu dəst-xəttini davam etdirmək niyyətindədir və bu məqsədlə də tezliklə Tiflisə səfər edəcək. Ermənistanın burada iki əsas marağı var: Birincisi, son iki il ərzində Rusiya-Gürcüstan danışıqları intensivləşib. Bu danışıqların əsas predmeti Abxaziyadan keçən dəmir yolunun açılması və nəticədə tranzit yüklərin Abxaziya vasitəsilə Ermənistana daşınması ilə bağlıdır. Ona görə də Ermənistan rəsmiləri Gürcüstanla münasibətlərə çox böyük önəm verirlər. Lakin Moskva ilə aparılan danışıqlar asan keçmir, müəyyən problemlər var. Eyni zamanda, Gürcüstan qondarma Abxaziya ilə rəsmi əlaqələri bərpa etmək niyyətində deyil. Ona görə də dəmir yolunun açılması məsələsi uzanır. Bu da İrəvanı narahat etdiyindən Ermənistan Rusiya ilə münasibətlərdən istifadə edərək, prosesə təkan verməyə çalışır”.

Politoloqun sözlərinə görə, Ermənistanın Gürcüstanla yaxınlığa can atmasında ikinci səbəb Tiflisin hazırda İrəvan üçün dünyaya yeganə çıxış yolu olması ilə əlaqədardır:

“İranla ABŞ-ın münasibətləri getdikcə daha da gərginləşir, Tehrana sanksiyalar tətbiq olunur. Buna görə də Ermənistan tranzit ölkə kimi İrana marağını itirir. Ermənistan üçün hazırda yeganə tranzit ölkə Gürcüstandır. Buna görə də Ermənistan Gürcüstanla münasibətləri möhkəmləndirmək istəyir. Xüsusilə də Gürcüstanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin daha da yaxınlaşması işğalçını narahat edir. Paşinyan da Tiflisə getməklə bu ölkənin rəhbərliyindən Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin davamlı inkişafının Tiflis-İrəvan əlaqlərinə mənfi təsir göstərməyəcəyinə dair müəyyən söz almağa çalışacaq”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Tiflisə səfər edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.