Aİ-nın xüsusi nümayəndəsi gəlir: bu ərəfədə həbslər nə deməkdir?

1-06-2018, 08:51           
Aİ-nın xüsusi nümayəndəsi gəlir: bu ərəfədə həbslər nə deməkdir?
Toivo Klaar Bakıda Avropa İttifaqı arasında imzalanacaq saziş və digər məsələləri müzakirə edəcək
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iyul ayında Bakıya səfər edəcək. Gununsesi.info-ya Avropa İttifaqının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər iyulun əvvəlinə planlaşdırılır.

Qeyd edək ki, T.Klaar ötən həftə Gürcüstanda olub, hazırda isə Ermənistanda səfərdədir. O, İrəvanda yeni baş nazir Nikol Paşinyanla danışıqlar aparacaq.

T.Klaarın Bakıya səfərində Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş və digər məsələlərin müzakirəsi olacaq.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş layihəsinin müzakirəsi üçün ölkəmizə gəlişi ərəfəsində maraqlı proses müşahidə olunur. Belə ki, son 3-4 gündə REAL Partiyasının və AXCP-nin ümumilikdə 10-a yaxın fəalı həbs olunub.

Mayın 28-də Bakının mərkəzində Cümhuriyyətin 100 illiyi ilə bağlı bayram yürüşündən sonra 4 REAL fəalı inzibati qaydada həbs edilib. Nizami Rayon Məhkəməsi REAL Partiyasının fəalı Nəriman Mücahid İsmayılı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) 30 sutka inzibati həbsə məhkum edib.

Yasamal Rayon Məhkəməsində REAL Partiyasının fəalı Ərəstun Baxşəliyev eyni ittihamla inzibati qaydada 30 günlük həbs olunub.

Mayın 30-da REAL Partiyasının daha bir fəalı Elmir Həmzə məhkəmənin qərarı ilə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 25 sutka həbsə məhkum edilib.


REAL Partiyasının Məclis üzvü Azər Qasımlı isə mayın 29-da polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Yasamal Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati qaydada həbs edilib.

Eyni zamanda mayın 29-dan dünənə qədər REAL Partiyasının əlliyədək fəalının Bakının müxtəlif rayonlarında polisə çağırılaraq xəbərdarlıq edildikdən sonra azad buraxıldığı barədə sözügedən təşkilatın rəhbərliyi məlumat verib.

AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov barəsində isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri mayın əvvəlində həbs edilmiş Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdığı bildirilir. Cəbhəçilər barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə cinayət işi açılıb.


REAL Partiyasının üzvlərinə qarşı həbslər həyata keçirilməsini və bu həbslərin nədən məhz indiki vaxtda olmasını şərh edən REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bir neçə rakursdan son günlər baş verən hadisələrə baxmaqda yarar var. Əslində çox maraqlıdır ki, sırf Cümhuriyyət bayramı ilə əlaqəli keçirilən bayram şənliyində iştirak eləyən insanlar təqib olunub, inzibati qaydada da olsa həbs ediliblər: “Bu da cəmiyyətdə və hər birimizdə üzüntü doğurur. Çünki elə prezidentin sərəncamı ilə 28 May Xalq Cümhuriyyətinin 100 illiyi çox böyük təntənə ilə qeyd edildi. O zaman nədən bu həbslərə gedilməsi təəccüb doğurur. İnsanların bayram tədbirlərində iştirakına görə təqib olunması, həbs edilməsi həm də ciddi suallar doğurur.

İkinci tərəfdən, diqqət etsək görürük ki, Azərbaycanın Avropa Birliyi ilə, Qərblə yaxınlaşması müşahidə ediləndə, Avropa Birliyi ilə danışıqlar intensivləşəndə, bu qurumdan Azərbaycana danışıqlar üçün nümayəndələr gələn ərəfələrdə bu cür həbslər həyata keçirilir. Bu da müxtəlif düşüncələrə, müxtəlif versiyalara yol açır. Belə çıxır ki, hakimiyyət daxilində Avropa Birliyi ilə, Qərblə yaxınlaşmaya meylli olmayan, yaxınlaşma yolunda problemlər yaratmağa çalışan qüvvələr mövcuddur. Belə bir ehtimal yaranır ki, sanki Azərbaycanın Qərblə çox böyük layihələr həyata keçirdiyi, Avropa Birliyi ilə saziş üzərində iş aparıldığı bir dövrdə məqsədli şəkildə həbs dalğası başladılır".

N.Cəfərli təəssüf edir ki, belə hadisələr Azərbaycanın Avropa Birliyi ilə, Avropa Şurası ilə əlaqələrinin daha da inkişafına mane olan amilə çevrilir: “Özü də belə çıxır ki, indiki dövrdə belə bir görüntünün yaranmasında maraqlı olan qüvvələr var”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.