ABŞ İranı vursa nə ola bilər- Azərbaycan üçün təhlükə..

1-06-2018, 09:56           
ABŞ İranı vursa nə ola bilər- Azərbaycan üçün təhlükə..
Bu variantın reallaşması bölgəyə böyük fəlakətlər vəd edir
ABŞ-İran münasibətləri günbəgün kəskinləşməkdədir. İrana qarşı ABŞ tərəfindən 90-180 gün ərzində sanksiyaların bərpa olunacağı bildirilir. İlk növbədə (avqust) İranın dollarla əməliyyatlar həyata keçirməsinə, qızıl və digər qiymətli metal ticarətinə, polad, kömür, alüminium, proqram təminatı alqı-satqısına, avtomobil sənayesinə, İranın suveren borcu ilə bağlı əməliyyatlara, İran rialı ilə iri miqdarda tranzaksiyalar həyata keçirilməsinə sanksiya tətbiq ediləcək. İkinci mərhələdə (noyabr) İranın enerji sektoruna, neft şirkətlərinə, neft treyderlərinə, limanlarına, gəmiqayırma sənayesinə, İran Milli Bankına, sığorta sisteminə sanksiyalar bərpa olunacaq.

Ekspertlər bildirir ki, sanksiyalar şübhəsiz ki, İranda iqtisadi problemləri dərinləşdirəcək. Tramp hökumətinin məqsədi budur ki, ötən ilin dekabrında olduğu kimi, əhali ayağa qalxsın və mümkünsə, inqilab etsin. ABŞ-ın məqsədinin İranda rejim dəyişikliyi olduğunu bir neçə gün əvvəl Trampın vəkili Rudolf Juliani də təsdiqləyib.

Bir qisim ekspertlər isə hesab edir ki, gərgin münasibətlər müharibə ilə nəticələnə bilər.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə bu günlərdə bildirib ki, ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxması bu ölkədə sosial partlayışa səbəb olacaq, nəticədə iranlı qaçqınlar Qafqaza axın edəcək.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar İran iqtisadiyyatını dağıda bilməyəcək. Çünki İran dayanıqlı ölkədir, ancaq dini qruplar arasında qarşıdurma yarana və bu da sosial qeyri-sabitliyə gətirib çıxara bilər. Çünki İranda çoxdandır sünnülərlə şiələr arasında mübahisələr gedir: “Bəs iranlılar hara qaçacaq? Ancaq şimala: onlar Gürcüstanı, Ermənistanı və Azərbaycanı bürüyəcəklər, siz onları Rostovda da görəcəksiniz. Biz ki, ABŞ Meksika sərhədini hasarladığı kimi özümüzü hasarlaya bilmərik”.


Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bu barədə şərhində bildirdi ki, Jirinovski məsələləri adəti üzrə şişirtsə də, ABŞ-İran qarşıdurmasını fantastik dərəcədə təsvir etməklə əslində Rusiyanın strateji maraqlarını müdafiə edir. Rusiya-İran ittifaqını nəzərə alaraq bu məsələ ətrafında dünya ictimai rəyini qorxuya sala biləcək açıqlamalar verir. Amma bununla yanaşı, onun dediyində qismən də olsa, həqiqət payı var: “Azərbaycan təkcə İranla qonşu olduğu üçün yox, həm də bu ölkədə çoxmilyonlu soydaşlarımızın yaşadığına görə ABŞ-İran qarşıdurmasının müharibə həddinə çatmasını qətiyyən istəmir. Bu qarşıdurmada bizim üçün ən pis variant müharibənin başlanması olar. Çünki bu müharibənin alovu Azərbaycana da sıçraya bilər. Azərbaycan özü sülhsevər bir dövlət kimi yaxın qonşusuna qarşı münasibətdə obyektiv davranılmasını istəyir, güc tətbiqinin yolverilməz olduğunu həmişə vurğulayıb. Azərbaycanın maraqları İranla hər hansı bir dövlətin arasında olan problemlərin müharibə həddinə çatmasını qətiyyən arzulamır. Müharibə böyük fəlakətlər deməkdir, böyük qaçqınlar ordusunun yaranması deməkdir. ABŞ-İran müharibəsini elə də sadə təsəvvür etmək olmaz. İran bölgənin iqtisadi cəhətdən qüdrətli ölkəsidir. Həm də onun hərbi qüdrəti də çox böyükdür. Bu səbəbdən də ABŞ-İran müharibəsi çox böyük dağıntıya, dəhşətli fəlakətlərə gətirib çıxarar. Mən güman edirəm ki, Vaşinqton vəziyyətin bu həddə çatmasına getməyəcək. İndiki təhdidlər isə sadəcə, İranı qorxutmaq, çəkindirmək, onunla müsbət əlaqələri olan dövlətləri müəyyən qədər ehtiyatlı olmağa vadar etməkdir. Müharibə olması ən son variantdır və onun baş tutması ehtimalı böyük deyil.

Nəzəri baxımdan bu variantın real olduğunu düşünsək, İranla ABŞ arasında müharibənin Azərbaycana xeyir gətirməyəcəyini əminliklə söyləyə bilərik. Amerika ilə İran arasında müharibə Şimali Azərbaycana İrandan qaçqın axını ola bilər".

Politoloq vurğuladı ki, nə beynəlxalq konvensiyalar, nə də milli bağlılıq faktoru qapılarımızı soydaşlarımızın üzünə bağlamağa imkan verməz: “Əgər biz deyiriksə ki, İranda 30 milyona yaxın azərbaycanlı yaşayır, onda anlamalıyıq ki, onların müharibədən və bombardmanlardan qaçacaq əsas yeri Arazın bu tayı olacaq. İnkişaf etmiş Avropa dövlətləri qaçqınların əlində əsir-yesir qalıb. Türkiyə hələ də ağır qaçqın yükünün altından tam çıxa bilmir. Azərbaycan üçün bir neçə on min qaçqını qəbul edib yerləşdirmək asan olmayacaq. Şübhəsiz ki, az müddət sonra vəziyyət sabitləşəcək və qaçqınlar öz yurdlarına dönəcəklər. Amma hətta bir neçə aylığına olsa da belə, sayı on minlərlə, bəlkə də yüz minlərlə ola biləcək qaçqın yükünü qaldırmaq Azərbaycan üçün çətin olar. Yəni haradan baxsaq, Amerika ilə İran arasında müharibənin olması bizim zərərimizədir”.

Müsahibimiz müharibənin olacağı təqdirdə, Azərbaycanın mövqeyinin necə olmalı olduğunu da sadaladı: “Birincisi, Azərbaycan daima bu müharibənin əleyhinə olduğunu açıqlamalıdır və rəsmi Bakı məhz bu tipli açıqlamalar səsləndirir. İkincisi, əgər bizdən asılı olmayan səbəblərdən müharibə başlayarsa, Azərbaycan ən azı neytrallığını qorumalıdır. Digər tərəfdən, bütün hallarda biz Azərbaycana pənah gətirmək istəyən Arazın o tayındakı qardaşlarımıza qapılarımızı açmalı olacağıq. Hər halda, rəsmi Bakı Vaşinqtona mesaj göndərməlidir ki, İranla müharibə Amerikanın bölgədəki müttəfiqlərinə, o cümlədən Azərbaycana zərər verəcək, Vaşinqtonun marağı olduğu regional layihələr üçün də təhlükə yaranacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.