Ölümün gözünün içinə dik baxan Cahangir

3-06-2018, 06:36           

Böyük Vətən Müharibəsində misilsiz xidməti olan azərbaycanlı döyüşçülərdən biri də Cahangir Mir Cəfər oğlu Bağırov olub. O Cahangir ki, o vaxt Azərbaycan KP MK-nin birinci katibi olan atasının adından heç vaxt istifadə etməyib, əksinə, özünün vətənpərvərliyi sayəsində həyatını itirməyilə hərb tariximizə öz şanlı səhifəsini yazıb.

Cahangir Bağırov həqiqətən müharibədə çox şücaət göstərib. Mir Cəfər Bağırovun Xaçmazda yaşamış qohumu, bu il may ayının 22-də dünyasını dəyişmiş Məmmədtağı Bağırov onun çox güclü şəxsiyyət, sözündən dönməz olduğundan mənə dönə-dönə danışıb. Mərhum yazıçılarımız Teyyub Qurbanın "Düşmənlərindən güclü şəxsiyyət", Nəriman Həsənlinin "Vətənin şöhrətini ucaldanlar" kitablarında Cahangirin qəhrəmanlığından geniş bəhs edildiyini söyləyən Məmmədtağı Bağırov Cahangirin həm atasına, həm də Azərbaycana başucalığı gətirdiyini bildirmişdi. Onun məlumatına görə, təyyarəçi Cahangir cəbhədə bir dəfə yaralanmışdı, Bakıda müalicədən sonra atasına məktub yazaraq təkidlə ona yenidən cəbhəyə getməsinə icazə verməsini xahiş etmişdi:

"Əziz ata! İki ay yarımdır ki, mən öz yerimdə sayıram, indi bu qədər qiymətli olan çörəyi yeyirəm.Vətənimizin təhlükədə olduğu, minlərlə gəncin döyüş bölgəsində nə canını, nə qanını əsirgəmədiyi bir vaxtda müşahidəçi mövqeyindəyəm. Halbuki, mən ən şiddətli döyüş yerlərində olmalıyam. Çünki sənin oğlunam,Vətənimin oğluyam".

Mir Cəfər Bağırov irsinin yeganə və yorulmaz tədqiqatçısı Məmmədtağı Bağırov mənə bildirmişdi ki, iyun ayının 2-də Cahangir Bağırovun Böyük Vətən Müharibəsində həlak olmasından 75 il ötür. Ruhu şad olsun Tağı müəllimin. Bu yazının işıq üzü görməsində çox maraqlı idi. Bildirmişdi ki, öz təyyarəsilə 1943-cü ildə səmada 8 alman təyyarəsini məhv edərək yanacağı qurtardığından özü də tarana getmiş Cahangir Bağırova təvazökar atası Sovet İttifaqı Qəhrəmanı adı verilməsini istəməmişdi. Halbuki, SSRİ Ali Sovetinin qərarı ilə iyunun 9 -da Cahangirə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi, ata Mir Cəfər Stalindən xahiş etmişdi ki, oğluna bu ad verilməsin, sadəcə, "Lenin ordeni kifayətdir"-demişdi.

Mərhum Məmmədtağı Bağırovu həm də Cahangirin ata yurdu Qubada heykəlinin yerindən götürülərək muzeyə atılması çox narahat edirdi. İgid təyyarəçinin heykəli 1996-cı ildə Quba şəhərindəki Nizami parkında yerli sakinlərin vəsaiti və xahişilə qoyulmuşdu. Amma 2011-ci ildə Qubaya gələn sabiq nazirlərdən birinə bu heykəl xoş gəlmədiyindən yerindən dağıdılaraq Quba tarix və diyarşünaslıq muzeyinin həyətinə atılmışdı. O vaxt ANS-də bu mövzunu bir neçə dəfə qabartdıqdan sonra muzeyin həyətinə atılıb qalmış heykəl yerindən tərpədilib muzeyin içəri otağına qoyuldu. Amma çox təəssüf ki, muzey Nizami parkına köçəndə Cahangirin büstü ora aparılmadı. Heç orada Cahangir Bağırova guşə belə açılmadı.Tağı müəllim buna çox təəssüf edirdi. Qubanın yeni başçısı Ziyəddin Əliyevə bu faktın çatdırılmasını çox istəyirdi. Quba rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyevadan bu barədə soruşanda bildirdi ki, məsələ rayon rəhbərliyinin diqqətinə çatdırılacaq.

Maraqlıdır: Böyük Vətən Müharibəsində 1-ci katib atasının adından istifadə etməyərək alman təyyarəçilərinə qan uddurmuş Cahangir Bağırovun igidliyi hərb tariximizin bir tərkib hissəsi deyilmi? Bu cansız heykəlin günahı nədir axı? Tarixin şanlı səhifəsini özündə yaşadan Cahangirin qərib büstü köhnə muzeyin çürümüş otağında çoxmu qalacaq görəsən?

Aytəkin Alxaslı,

Jurnalist

Qeyd: Fotoşəkildə gördüyünüz şəxslərdən biri mərhum araşdırmaçı Məmmədtağı Bağırov(sağdan birinci), digəri isə mərhum yazıçı-publisist Teyyub Qurbandır( sağdan üçüncü).














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.