"Zərdüşt Əlizadədən fərqli olaraq sizlərin Elçibəylə bağlı bu fikirləri birbaşa deyib arxasında durmağa da siyasi cəsarətiniz çatmır." - Vaqif Hacıbəyli

13-06-2018, 08:50           

Əziz və hörmətli Elman Fəttah bəy, mən bu günə qədər yeganə adamam ki, 4 iyun qiyamında cinayət törətmiş şəxslərlə bağlı amnistiya aktını hakimiyyətin buraxdığı ən ciddi səhvlərdən biri kimi xarakterizə edirəm.Birinci dəfə şahidi oluram ki, məndən başqa daha kimsə həmin qərarı düzgün saymır.

Amma parlamentdə qəbul edilən həmin akta münasibətimizdə ciddi fərqlər var. Siz bu aktı Elçibəyin adı ilə bağlayır və bu qərarın Heydər Əliyevin təşəbbüsü olduğunu ehtimal edirsiniz. Sizdən soruşmaq istəyirəm, parlamentdə təmsil olunan əliyevçilərdən kimsə həmin aktın qəbulu ilə əlaqədar hər hansı təklif veribmi, yaxud belə bir tələb irəli sürübmü? Belə şeylər olmayıb. Yəni, bu qərar İsa Qəmbərin rəhbərlik etdiyi parlamentdə iyun ayının 9-da əslində hakimiyyət tərəfdarlarının mənəvi üstünlüyü şəraitində keçən iki günlük gərgin müzakirələrdən sonra sərbəst şəkildə qəbul edilib. Müzakirələrdə amnistiya məsələsinə toxunulmayıb. Həmin iclasda Heydər Əliyev ümumiyyətlə iştirak etməyib. Amnistiya ilə bağlı təklifin təşəbbüsçüləri isə çox hörmətli bəylərin mənə bildirdiyinə görə, Əli Kərimli və Fazil Mustafa olublar.Onlar da bunu pis niyyətlə etməyiblər,sülhün,milli birliyin,barışığın olması üçün ediblər.

Lakin bu qərar silahlı qiyamın təşkilatçılarının legitimləşməsinə şərait yaratdı. Bu mənada 9 iyun amnistiya qərarı siyasi məğlubiyyətə aparan yolda fundamental səhvlərdən biridi.Digər fundemental səhvlər baş nazirin və parlament sədrinin istefaları idi. Bu istefalar hakimiyyət strukturlarının tam demoralizə edilməsinə səbəb olmuşdu. Sizin bu yaxınlarda haqlı olaraq qeyd etdiyiniz kimi, 4 iyundan sonra atılan addımlar hakimiyyətin ən qısa zamanda Heydər Əliyevə ötürülməsinə yönəlmişdisə, atılan səhv addımların müəllifləri də məlum olmalıdı.Əgər obyektiv olmağa çalışırıqsa və vicdanımızı itirməmişiksə, bütün günahları indi həyatda olmayan Elçibəyə yükləyə bilmərik.

Heç kəs tərəfindən bu günə qədər mübahisələndirilməyən fakt ortadadı ki,ümumiyyətlə Elçibəyin xəbəri olmadan Pənah bəylə İsa bəy Rəsul Quliyevin yardımı ilə Heydər Əliyevlə ilk ünsiyyəti qurublar və qiyamın yatırılması ilə əlaqədar onun mövqe bildirməsini istəyiblər. Üstəgəl Pənah bəy vəzifəsini ona təklif edərək özü də istefa verib və bu danışıqlar barədə iyunun 8- də keçirilən parlamentin iclasında canlı yayımda xalqa məlumat verib.Bu halda, Elçibəy istəsəydi belə Heydər Əliyevin Bakıya gəlməsinə qarşı çıxış edə bilməzdi.

Bütün bunlarla bərabər, Sizə və mənim digər musavatçı dostlarıma olan iradlar kiminsə Elçibəyi tənqid etməsi ilə bağlı deyil. Elçibəyin idarəçilikdə, 4 iyun qiyamı prosesində buraxdığı səhvlərini bu illər ərzində eninə-uzununa o qədər tənqid etmişəm ki. Amma nə Elçibəyin özü, nə də onu sevənlər buna görə mənə hər hansı irad bildirməyiblər.

Bu gün demokratik düşərgəni təmsil edən bir qrup adam belə təsəvvür yaratmağa çalışır ki, Elçibəy guya hakim tayfanın nümayəndəsi olaraq bir provakator kimi xalq hərəkatına qoşularaq insanları aldadıb və məqsədli şəkildə xalq hakimiyyətini süquta uğradaraq Heydər Əliyevə təhvil verib. Mənəvi psixoloji baxımdan onun prezident olmağa ümumiyyətlə haqqı olmayıb. Bu artıq tənqid deyil,bu iftiradı.

Problem həm də ondadı ki, Zərdüşt Əlizadədən fərqli olaraq sizlərin Elçibəylə bağlı bu fikirləri birbaşa deyib arxasında durmağa da siyasi cəsarətiniz çatmır. Mən buna çox təəssüf edirəm.
Vaqif Hacıbəyli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.