Rusiyaya “asi” çıxan Ermənistan və sükutu pozan Moskva

2-08-2018, 08:47           
Rusiyaya “asi” çıxan Ermənistan və sükutu pozan Moskva
Paşinyan hökumətini sürprizlər gözləyirmi - ekspertlərdən ilginc şərhlər
Ermənistanın baş naziri Nikol Paşinyanın rəqiblərinə qarşı apardığı sərt siyasətə Rusiyanın sakit yanaşması çoxlarını təəccübləndirir. İşğalçı ölkənin “ağa”sı statusunda çıxış edən Kremlin hətta rusiyameyilli siyasətçilərin də hədəfə alınmasına dözümlü yanaşması şübhələr yaradır.

Gerçəklik bundan ibarətdir ki, Ermənistan hakimiyyətində qərbyönümlülər təmsil olunur. Ölkənin prezidenti Armen Sərkisyan Böyük Britaniyada səfir işləyib, baş nazir N.Paşinyan isə müxalifətdə olduğu dönəmlərdə antirust mövqeyi ilə seçilib. Üstəlik, hakim komandanın əsasən Qərb təhsili almış, Avropa dünyagörüşünə malik şəxslərin hesabına formalaşdırılması da Rusiyanı məmnun edə bilməzdi. Ancaq bütün bunlara rəğmən Rusiya susur.

Nəhayət, sükutu Rusiya XİN rəhbəri, elə erməni əsilli nazir Sergey Lavrov pozdu. “Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərinin təqib edilməyəcəyinə dair vədlərinə ziddir”. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. Lavrov Paşinyan hökumətinin addımlarına reaksiyasında bir az da irəli gedib. “İrəvanın müttəfiqi olan Rusiya erməni dövlətinin stabilliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər bizi narahat etməyə bilməz. Bu həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təminatı nöqteyi-nəzərdən də çox vacibdir”, - deyə rusiyalı nazir vurğulayıb. S.Lavrov əlavə edib ki, “son günlər ərzində biz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinə bildirmişik. Vəziyyətin konstruktiv məcrada inkişaf edəcəyinə ümid edirik”.

Qeyd edək ki, Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Köçəryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.

Ermənistanın Strateji və milli araşdırmalar mərkəzinin iqtisadiyyat və diaspor üzrə aparıcı eksperti Ovsep Xurşudyanın sözlərinə görə, məhz Köçəryanın vaxtında Rusiya, demək olar ki, Ermənistanın bütün iqtisadi sahələrini ələ keçirib.


Bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşu devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib. Üstəlik, Ermənistan Xüsusi İstintaq Xidməti Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, KTMT-nin baş katibi Yuri Xaçaturovu da 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib. Məhkəmə onun zaminə buraxılması barədə qərar verib. Əslində Paşinyan “Rus NATO”-sunun baş katibini həbs etməklə Moskvanı qıcıqlandırıb. Xüsusilə də İrəvanın Gürcüstandakı NATO hərbi təlimlərində iştirak barədə qərar verməsi ərəfəsində bu həbslərin həyata keçirilməsi, rusmeyillilərin təqib olunması Kreml tərəfidən sakit qarşılana bilməz və artıq bunun simptomları görünməkdədir. Zamanında eks-prezident Levon Ter-Petrosyan Rusiyanın iradəsinə zidd addım atıb Qarabağ anlaşmasına getmək istəyirdi, Kreml onu hakimiyyətdən devirdi, ardınca Ermənistan parlamenti gülləbaran edildi. Maraqlıdır, Kreml indiki durumda Paşinyan hökuməti üçün oxşar sürprizlər hazırlaya bilərmi?

“Paşinyanın hakimiyyətə gəldiyi gündən Moskva və İrəvan arasında doğrudan da bir gərginlik yaranıb. Hər iki tərəf nə qədər tarixi dostluq və tərəfdaşlıq münasibətlərindən danışsalar da, hiss olunur ki, Qərb vəziyyətdən istifadə edir və Ermənistanı Kremlin nəzarətindən çıxarmağa çalışır”.


Politoloq Arzu Nağıyev bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert qeyd etdi ki, bu, Rusiyanı razı sala bilməz: “Ermənistan tərəfi dolayı şəkildə başa salmağa çalışır ki, nə qədər ki, Dağlıq Qarabağ problemi var, Rusiyaya gərək var, olmayandan sonra gərək yoxdur. Yəni problemi yaradan da məhz Rusiyadır. Ona görə də Kremlə loyal olan Köçəryan, Manvelyan və Xaçaturovu həbs edirlər. Xaçaturov məsələsinə isə Rusiya birmənalı şəkildə reaksiya vermir. Təbii ki, Kremlin yaratmağa çalışdığı mini NATO-KTMT-nin Rusiyaya loyal baş katibi Xaçaturovun həbsi sensasiya ola bilər. Hətta Ermənistan tərəfi onu başqa bir şəxslə əvəz etmək istəsə də, Rusiya buna hələ ki razılıq vermir. Təbii ki, onun həbsi KTMT-nin digər üzvləri olan dövlətlər tərəfindən də normal qarşılanmayacaq. Bu isə Rusiyanı qorxudur”. A.Nağıyev qeyd etdi ki, Qərb bu prosesləri izləyir və son vaxtlar İrəvanda qərbyönümlü qeyri-hökumət təşkilatlarının sayı artmaqdadır: “Ermənistan tərəfinin 102 saylı baza və sərhədçilərlə, daha doğrusu, onların icarə haqqı və ya çıxarılması ilə bağlı qərarından sonra Rusiya tərəfi həyəcan siqnalı ilə ”təlim" adı altında qoşunları bazadan kənara çıxardı və kiçik bir mesaj verdi. Lakin yenə də erməni tərəfi Metsamor AES və digər məsələləri gündəmə gətirdi. Paşinyan bütün bunlarla “xaç atası” Levon Ter-Petrosyanın təlimatlarını yerinə yetirir və siyasi gedişlərlə seçkilərə hazırlaşır. Rusiya istər Lavrov, istərsə də digər səviyyələrdə bildirir ki, Ermənistanın siyasi, iqtisadi və hərbi potensialı onunla bağlıdır və nə qədər ki, Rusiya-NATO sərhədi Ermənistandan keçir, orada qalacaqlar. Amma bunu nə iləsə kompensasiya etməlidirlər. Rusiya iqtisadi cəhətdən bunu edə bilmir. Buna görə də Qərbin təzyiqləri olacaq və İrəvanı ələ keçirməyə çalışacaq. Rusiya da bütün imkanlardan istifadə edərək buna mane olmağa çalışacaq. Təbii ki, bu təzyiq vasitəsinin biri Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfə güzəştə getmək də ola bilər".


BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın Ermənistanda hakimiyyət qurduğunu söyləmək həddindən artıq konkret yanaşma olardı: “Zənnimcə, hakimiyyəti ABŞ yox, Ermənistanı Qərbə sırımaq istəyən qüvvələr, xüsusilə də erməni diasporu və lobbisi, erməni təşkilatları ilə vahid platformada yer alan Qərb siyasətçiləri qurmaq istəyir. Bu prosesdə Rusiyanın mövcud hakimiyyətinin, yaxud ayrı-ayrı yüksək rütbəli məmurlarının nə qədər rol aldığını, hansı maraqlardan çıxış etdiyini söyləmək çox çətindir. Amma bu ehtimalı da görməzdən gəlmək olmaz. Bütün hallarda, Ermənistandakı gözlə görünməsi mümkün olan mənzərəni əsas götürsək, Lavrovun ürkək reaksiyası Moskvanın prosesləri hansı mərhələdə isə öz xeyrinə dəyişə biləcəyinə əmin olduğundan xəbər verir”. Kremlin sürprizlərinə gəldikdə isə E.Mirzəbəyli dedi ki, hazırda belə bir istəyin olduğu nəzərə çarpmır: “Ola bilsin ki, Moskva proseslərin hansısa mərhələsində müəyyən addımlar atsın, həm öz varlığını hiss etdirsin, həm də Ermənistan ictimaiyyətinə inqilab eyforiyasını birdəfəlik unutdursun. Amma bunun Ermənistanın işğalçılıq siyasətinə tamamilə son qoyulacağı müstəvisində həyata keçiriləcəyini düşünmürəm. Azərbaycan torpaqları Ermənistanın işğalında olsa belə, Moskvanın girovluğundadır”.

S.Lavrovun açıqlamasının Ermənistan cəmiyyətində ciddi əks-səda doğurduğunu ölkə mətbuatındakı yazılar da təsdiqləyir. Dünənədək Ermənistanın Rusiyadakı əsas dayağı kimi təqdim olunan Lavrov Moskvanın İrəvanda baş verənlərlə bağlı narahatlığını ifadə etməklə - ermənilər üçün “soyuq duş” effekti verən bəyanat səsləndirməklə - faktiki olaraq “persona non-qrat” elan olunub. Aprel döyüşlərindən sonra İrəvana gedib erməniləri sakitləşdirən, üstəlik, Ağrı dağının fotosunu öz telefonu ilə çəkməklə digər mesajlar da verən Lavrov bu dəfə necə davranacaq, çox maraqlıdır...

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.