Azərbaycanda ikinci Hacı Məmmədov peyda olub? – EKSPERT ŞƏRHİ
29-09-2015, 01:05
Hafta.az-ın verdiyi xəbərə görə, Azərbaycan hüquq-mühafizə orqanlarının adam oğurluğu ilə məşğul olan Heydər adlı şəxsi axtarır. Bu axtarışın isə adi axtarışlardan olmadığı bildirilir.
Belə ki, həmin şəxsin mütəşəkkil cinayətkar dəstənin başçısı olduğu və Bakıda bir generalın nəvəsini, Gürcüstanda isə zəngin biznesmenin xanımını oğurladığı iddia edilir... O və bandanın üzvlərinin bir çoxu Gürcüstan vətəndaşlarıdır. Yayılan məlumatlara görə, onlar Bakıda kirayə evlərdə yaşayıblar.
Əgər bu faktlar öz təsdiqini tapırsa belə aydın olur ki, Azərbaycanda ikinci Hacı Məmmədov və ya onun cinayətkar bandası olub. Bəs “Heydərin dəstəsinin” Hacı Məmmədovun cinayətkar dəstəsi ilə hansı oxşar və fərqli cəhətləri var? Onlar Azərbaycanda bundan sonra daha nə qədər ailənin gözünün yaşlı qoya bilər?
Məsələyə münasibət bildirən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev Hafta.az-a açıqlamasında bildirib ki, Heydər adlı şəxsin dəstəsi ilə Hacı Məmmədovun dəstəsinin arasında kifayət qədər fərqli nüanslar var:
“Əvvəla, bu cinayətdir. Hacı Məmmədovun cinayətkar dəstəsinin böyük bir hissəsi hüquq–mühafizə orqanlarında işləyirdi. Həm də orada rəhbər vəzifə tutan şəxslər idi. Ona görə də onlar uzun müddət fəaliyyət göstərə bildilər və onların da əməllərinin üstünün uzun müddət açılmamasının səbəbi də məhz buna görə oldu. Onlar kifayət qədər peşəkar istintaqçı və cinayətkar banda üzvləri idilər. Ancaq Heydər adlı şəxsin cinayət dəstəsi onlar kimi hüquq-mühafizə orqanlarında işləyənlər deyillər. İkinci bir tərəfdən onların hansı hadisələri törətməsi istintaqçılara məlumdur. Buna görə də ikinci Hacı Məmmədovun “fəaliyyəti”nin davamı yəqin ki, bundan sonra çox çəkməyəcək. Bir neçəsi həbs olunub, bir qrupu isə axtarışdadır. Həbs olunanların vasitəsi ilə yəqin ki, tezliklə başçıları da daxil olmaqla yerdə qalanlar da həbs ediləcək. Artıq bu iş açılıb. Mən inanmıram ki, bundan sonra həmin dəstə Hacının dəstəsi kimi fəaliyyət göstərsin. Onlar davam edə bilməyəcəklər”.
Mahmud Hacıyev həmçinin vurğulayıb ki, bu kimi hadisələrə isə cinayət və cəmiyyət konteksindən yaxınlaşmaq lazımdır:
“Cəmiyyət varsa, cinayət də olacaq. Bu mütləqdir. Bunun əksi isə absurddur. Cinayət məcəlləsində də adam oğurluğu, insan alveri və s. var. Belə cinayət dəstələrinin peyda olması sensasiya deyil. Ancaq mən onların uzunmüddətli fəaliyyətinə inanmıram”.