Tofiq Hacıyev dediklərini dandı: Adımdan yayılan açıqlamanın mənə heç bir aidiyyəti yoxdur
30-09-2015, 10:50
"Akademiya sentyabrın 28-dən etibarən Dilçilik İnstitutunda yoxlama aparır. Ancaq mətbuatda böyük məbləğdə yeyinti haqqında danışırlar. Guya yoxlama işini Maliyyə Nazirliyi aparır. Ümumiyyətlə, mənim həmin məbləğ haqda heç bir məlumatım yoxdur”.
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib.
Akademik bildirib ki, iki gün əvvəl mətbuatda yayılan fikirlər ona məxsus deyil: “Mediada iki gün əvvəl mənim adımdan yayılan açıqlamanın mənə heç bir aidiyyəti yoxdur. Bu sözləri mən deməmişəm. Bu yoxlama Akademiyanın öz institutlarında apardığı növbəti yoxlamalardan biridir”.
T. Hacıyev bildirib ki, o da hamı kimi bu yoxlamanın nəticələrini gözləyir.
Akademik onu da qeyd edib ki, hazırda Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini o icra edir.
Qeyd edək ki, iki gün əvvəl mətbuatda T. Hacıyevin adından belə bir açıqlama yayılıb: “2012-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutuna maddi-texniki bazanın yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyonun hesabatını soruşurlar. Mən instituta 2014-cü ildə, yəni instituta pul ayrılandan iki il sonra təyin edilmişəm. Maraqlı işdir: bunlar özləri 2 milyonu xərcləyiblər, hesabınısa məndən soruşurlar. İndi də gəlib mənim il yarımlıq nə işimi yoxlayırlar, bilmirəm. Niyə 2 milyonu xərcləyib indi də gəlib hesabını məndən soruşurlar, aydın deyil”.
Xatırladaq ki, sentyabrın 28-dən AMEA Nəsimi adına Dilçilik İnstitutunda institutun fəaliyyəti ilə bağlı monitorinqlərə başlanılıb.
T. Hacıyev bir müddət öncə tutduğu vəzifədən istefa versə də, daha sonra ərizəsini geri götürüb. Hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini həm Tofiq Hacıyev, həm də Möhsün Nağısoylu icra edir.