"Qaranlığı söyməkdənsə, orada çıraq yandırmaq daha məqsədəuyğundur. " Kərəm Məmmədov
4-10-2018, 10:51
Qaranlığı söyməkdənsə, orada çıraq yandırmaq daha məqsədəuyğundur. Ekspert Kamran Əsədov heç bir araşdırma aparmadan statistika yayır. Bəs niyə araşdırmır ki, problemin həlli üçün hansı işlər görülüb və ya özü niyə bunun üçün bir iş görmür?
Bu sözləri Axar.az-a tarixçi alim Kərəm Məmmədov təhsil eksperti Kamran Əsədovun 1989-cu ildən bu vaxta qədər Gürcüstanda yaşayan və dərs deyən azərbaycanlıların, həmçinin azərbaycandilli məktəblərin sayında yarıdan da çox azalma müşahidə olunması ilə bağlı yaydığı məlumatı şərh edərkən deyib.
Əslən Gürcüstanın Dmanisi şəhərindən olan alim ekspertin açıqlamasının məqbul olmadığını deyib:
“2 il bundan əvvəl Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemi ilə əlaqədar Oqtay Əsədova məktub ünvanladıq. Müraciətimizdən sonra səhv etmirəmsə, oradakı soydaşlarımza 10-15 mindən çox dərslik göndərildi. Bundan əlavə, Təhsil Nazirliyinə müraciət etmişdik ki, Gürcüstandakı soydaşlarımızın orada təhsil alıb vətənə qayıtmaları üçün Bakı Dövlət Universitetinin Qazax filialı təşkil edilsin. Bu təklifimiz də nəzərə alındı və bu da təşkil edildi. Çıxıb internetdə yazılan məlumatları danışmaqla olmur bu işlər. Problemin həlli yolunu göstərmək lazımdır. Bununla bağlı dəfələrlə çıxışlarımız da olub”.
Tarixçi K.Məmmədov ekspertin açıqlamdığı rəqəmlərə də aydınlıq gətirib və bildirib ki, bu heç də təhsil alan azərbaycanlıların sayının azalması demək deyil:
“Azərbaycan məktəblərində təhsil alanların sayı azalır, ümumilikdə isə təhsil alanların sayında azalma yoxdur. Orta məktəbə gedən uşaqların böyük bir qismi gürcü bölməsinə keçir artıq. Ali məktəblərdə təhsil almaq istəyənlər də gürcü bölməsində təhsil almağa üstünlük verdiklərinə görə Azərbaycan dili, Azərbaycan tarixi kimi fənlərdən dərs deyən müəllimlərin sayı azalır.
Çox istəyərdim ki, təhsil eksperti Kamran Əsədov statistik rəqəmləri açıqlamaqdansa, səbəbləri araşdırsın, ilbəil dəyişən rəqəmlərə nələrin təsir etdiyini müəyyənləşdirsin”.
K.Əsədov bildirib ki, hazırda Gürcüstanda işləyən azərbaycandilli məktəblərdəki müəllimlərin 80 faizi təqaüdçüdür və orada ciddi şəkildə kadr çatışmazlığı var.
Ekspert həmçinin qeyd edib ki, 1989-cu ildə 183 azərbaycandilli məktəb, bu məktəblərdə 6922 müəllim var idisə, 2018-ci ilə qədər məktəbin sayı 80-ə, müəllimlərin sayı isə 3628 nəfərə düşüb.
Xatırladaq ki, Gürcüstanda bu il 500-ə yaxın azərbaycanlı abituriyent qəbul imtahanlarında keçid balı toplasa da, tələbə adını qazana bilməyib. Buna səbəb kimi onların məhdudiyyətsiz sayda ixtisas seçimi imkanı olduğu halda, az sayda ixtisas seçməsi göstərilir.