Rüfət Aslanlı işdən niyə çıxarıldı?

5-10-2018, 18:23           
Rüfət Aslanlı işdən niyə çıxarıldı?
Ekspert Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının ləğv olunmasının səbəblərini açıqlayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb. Təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, təyin olunana qədər İdarə Heyətinin vəzifələrini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu Fərman qüvvəyə mindiyi günədək formalaşmış İdarə Heyəti həyata keçirir.

"Palatada ikihakimiyyətlilik hökm sürürdü"

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurasının ləğv olunmasına münasibət bildirən iqtisadçı ekspert Əkrəm Həsənov GoldNews.az-a açıqlamasında bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası qarşısına qoyulan işin öhdəsindən gəlmədi. Bununla yanaşı, Palatada ikihakimiyyətlilik hökm sürürdü: "Böyük ümidlər var idi, amma təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri odur ki, yeni qurum idi. Eyni zamanda, böhranlı bir şəraitdə işə qoşuldu. Subkeytiv tərəfi də odur ki, Mərkəzi Bank da bir tərəfdən imkan vermirdi. Palataya rəqib kimi baxırdı. Digər tərəfdən Palatanın öz daxilində ikihakimiyyətlilik hökm sürürdü. Yəni, Direktorlar Şurası ilə İdarə Heyəti arasında konflikt yaranmışdı. Və bu konflikt də son günlərə qədər davam edirdi".

Ə.Həsənov qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlının da kadr səhvləri və digər yarıtmazlıqları meydana gəlib: "Nəticədə Palatanın fəaliyyəti iflic oldu. Buna görə də cənab Prezidentin son qərarını mən tam dəstəkləyirəm. Çünki ən azından Palatada ikihakimiyyətliliyə son qoyuldu. Bütövlükdə, Rüfət Aslanlını isə maliyyə sektorunu bilən savadlı və bacarıqlı kadr hesab edirəm. Ümid edirəm ki, dövlətimiz ondan yararlanacaq".

"İki qoçun başı bir qazanda qaynamır"

Ekspertin sözlərinə görə, Palatada hökm sürən ikihakimiyyətliliyin aradan qaldırılması üçün üç yol var idi: "Palatada iki orqan var idi: Direktorlar Şurası və İdarə heyəti. Bunlar arasında da qarşıdurma var idi. Bu qarşıdurma da səngimək bilmirdi. Necə deyərlər, iki qoçun başı bir qazanda qaynamırdı. Ona görə də yaxşı oldu ki, Direktorlar şurası ləğv olundu. Çünki ikisindən birinin ləğv olunması zəruri idi. Ya da ki, biri o birinin tabeçiliyinə verilməli idi. Yəni, üç yol var idi. Bu yol seçildi ki, Şura ləğv olunsun".

Ə.Həsənov bildirib ki, hazırda Palatada ciddi kadr çatışmazlığı mövcuddur. Bu da qurumun iş fəaliyyətinə ciddi təsir göstərir: "İdarə heyətinin tərkibi də hələ ki, müvəqqətidir. Yaxın müddətdə İdarə heyətinə yeni kadrların təyin olunacağı gözlənilir. Bu, o demək deyil ki, köhnə kadrlardan kimsə İdarə heyətində qalmayacaq. Ola bilər ki, qalsın. Hazırda palatada kadr çatışmazlığı var. Bu da çox ciddi məsələdir. Amma ümumilikdə, tərkibdə yeni kadrlar gətiriləcəyi gözənilir. İdarə heyəti yeni tərkiblə yeni fəaliyyətə başlayacaq. Ümid edək ki, Palata bu dəfə öz işinin öhdəsindən layiqincə gələcək".

Ekspert hesab edir ki, Palatanın gücləndirilməsi yeni komandanın fəaliyyətindən aslıdır: "Palatanın filiallarının açılmasını gözləmirəm. Ola bilər ki, regionlarda bölmələri fəaliyyətə başlasın. Təbii ki, bu lazımdır. Nəzarətedici funksiyalarını gücləndirmək üçün lazımdır. Yəni, palatanın belə deyək ki, quruculuq işləri hələ ki, tam bitməyib. Palatanın gələcək fəaliyyəti yeni formalaşan komandadan aslıdır. Ümid edirəm ki, Prezident son qərarı gözlədiyimizdən də yaxşı nəticələrə səbəb olacaq".

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni Nizamnaməsinə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyətinin rəhbəri İbrahim Alışovdur.
Prezident İlham Əliyevin Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi təsdiqlənib. Nizamnaməyə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin edir. Palata ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Palatanın fəaliyyətinin məqsədi maliyyə bazarları sahəsinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və bu sahəyə nəzarəti həyata keçirmək, Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Palata bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən maliyyə bazarlarının tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartları əsas götürür. Palatanı idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir. Palatanın nizamnamə fondu 5 000 000 manatdır. Palatanın ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Xatırladaq ki, bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi. Direktorlar Şurasının ləğvi ilə sədr Rüfət Aslanlı, müavini Nigar Məmmədova və Şuranın üzvləri vəzifələrini itiriblər.

www.anews.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.