İtalyanların tərcüməçisi: Fərhad Əhmədovun adamları mənə 100 min verdilər ki, susum

6-10-2018, 08:03           
İtalyanların tərcüməçisi: Fərhad Əhmədovun adamları mənə 100 min verdilər ki, susum
Dünyaca tanınmış “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti ilə Rusiyada yaşayan Azərbaycan əsilli biznesmen arasındakı qalmaqallı hadisə cinayət çalarları alır.
“Paghera” şirkətinin icraçı direktoru Massimo Albertinin tərcüməçisi, azərbaycanlı Sahib Xudaverdiyev müraciət edib.

O, sensasiyalı bəyanatla çıxış edib ki, Fərhad Əhmədovun adamları ona böyük məbləğdə rüşvət təklif ediblər.



Onun sözlərinə görə, dünən saat 23:30 radələrində evə gedən zaman onu adı ilə iki nəfər çağırıb və onlara yaxınlaşmasını istəyib:

“Onlar Koreya istehsalı ağ maşına əyləşdilər və mənim də arxa oturacağa əyləşməyimi istədilər. Evimin qarşısında olduğum üçün səs qaldırmaq istəmədim və maşına oturdum. Mənə də maraqlı gəldi ki, onlar nə istəyirlər. Çünki onlardan birini dərhal tanıdım.

Sükan arxasında olan Massimoya qarşı yalan ifadə verməyim üçün mənə 50 min dollar təklif edən şəxsdir. Onda mən bu təklifi rədd etmişdim. Birinci dəfə o, sadəcə, mənə məbləği demişdi:

“Sənə 50 min veririk”, - o deyib. Pulları mən görməmişdim. Bu dəfə isə onlar mənə ağ paket uzatdılar. Onların sözlərinə görə, paketdə 100 min dollar olub. Bunu biləndə paketi oturacağın üzərinə qoydum.

Onlar paketi açdılar ki, mən pulları görüm. Yəqin, düşünürdülər ki, bununla mənə psixoloji təsir göstərə biləcəklər. Mən gizlicə o pulların şəklini çəkə bildim. Orada çox sayda avro və dollar vardı.



Onların əsas məqsədi məni ələ almaq idi ki, Alberti və onun fəaliyyətinə qarşı çıxım.

Onlar mənə dedilər:

“Sən ki azərbaycanlısan, nəyə görə italyanlara kömək edirsən? Ən yaxşısı, bizə kömək et. Əvəzində Fərhad Əhmədovun yanında yaxşı vəzifəyə düzələ bilərsən”, - tərcüməçi müxbirimizlə söhbətində deyib.

Tərcüməçinin söhbətinə italyanların vəkili Kamandar Nəsibov qarışıb.

O, bu fakta diqqət verməyi xahiş etdi ki, Fərhad Əhmədov Azərbaycan vətəndaşı deyil və bu da Bakı ilə Roma arasında diplomatik qalmaqala gətirib-çıxara bilərdi.

“O, nə edəcəyini bilmir. Söhbətə onların ən çirkli silahı sayılan pul qarışıb. Əhmədovun bu fikri tərcüməçi üçün keçərli olmadı”, - vəkil deyib.



Tərcüməçi bildirib ki, onlara düşünməli olduğunu deyib və maşını tərk edib:

“Öz binamıza daxil olanda isə dərhal Massimoya zəng edib, olanları dedim”.

Daha sonra Massimo özü danışmağa başladı:

“O, mənə bunu deyəndən sonra səfirə müraciət etdim. Onların bu addımı cinayət xarakteri daşıyır. Və bununla diplomatik səviyyədə məşğul olmaq lazımdır”.

“Paghera” şirkətinin icraçı direktorunun sözlərinə görə, səfir məsələ ilə bağlı Azərbaycan prezidentinin köməkçisinə müraciət edib, eləcə də, İtaliya rəhbərliyini məlumatlandırıb.



“Nəticədə, biz Azərbaycan vətəndaşı olmayan və çoxlu pula sahib olan şəxsin iki ölkə arasında diplomatik mübahisəyə səbəb olduğunu görəcəyik”, - vəkil qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.