Müəllimlik edən, biznes quran, nostalji yaşayan sabiqlər - Onların arasında Eldar Mahmudov da var...

11-10-2018, 10:24           
Müəllimlik edən, biznes quran, nostalji yaşayan sabiqlər - Onların arasında Eldar Mahmudov da var...
Son illərdə Azərbaycanda aparılan struktur islahatları çərçivəsində xeyli sayda yüksək vəzifə sahibi postundan olub. Xüsusilə son bir ildə həm prezident seçkilərindən öncə, həm də ondan sonra vəzifəsini itirən ondan yuxarı nazir, komitə sədri var. Onların vəzifədən çıxarılandan sonra nə işlə məşğul olduqları həmişə maraq doğurur.

Sabiq məmurların bir qismi vəzifəni itirəndən sonra ictimai-siyasi həyatdan tamamilə uzaqlaşaraq kənara çəkilir. Onların bəziləri Azərbaycanda və xaricdə biznes fəaliyyətinə başlayır. Daha doğrusu, məmur olarkən qeyri-rəsmi rəhbərlik etdikləri biznesin başına keçirlər. Bir çoxları isə elmi fəaliyyətə keçir. Məsələn, bu günlərdə məlum oldu ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müəllimliyə qayıdıb. Belə ki, əvvəllər Dövlət İqtisad Universitetində müəllimlik edən Səlim müəllim bu dəfə Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Prezident seçkilərindən sonra vəzifəsini itirən daha bir sabiq məmur da müəllimliklə məşğuldur. Söhbət Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevdən gedir. O, hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimidir.

Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun ölkədən kənarda, konkret olaraq, Türkiyədə biznes işlərinə başladığı deyilir.

Prezident seçkilərindən bir neçə ay əvvəl vergilər naziri postundan alınan Fazil Məmmədov isə səhhəti ilə bağlı ciddi problemlər yaşamaqdadır. O, uzun müddətdən bəridir ki, Türkiyədəki “American Hastanesi”ndə müalicə alır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun konkret nə işlə məşğul olduğu açıqlanmasa da, onun sosial şəbəkələrdə aktivliyi ilə seçildiyi məlumdur. Belə ki, sabiq komitə sədri tez-tez sosial şəbəkələrdə vəzifədə olduğu vaxtları əks etdirən fotoları paylaşır. Yeri gəlmişkən, bir müddət əvvəl onun qardaşı Sahib İbrahimov həbs olundu.

Dövlət Miqrasiya Xidmətinin sabiq sədri Firudin Nəbiyev barədə də ictimaiyyətə hər hansı məlumat açıqlanmır. Lakin əldə etdiyimiz məlumata görə, F.Nəbiyev də biznes fəaliyyətinə başlayıb.

Ən ciddi ittiham və səs-küylü cinayət işlərinin müşayiəti ilə vəzifədən uzaqlaşdırılan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun isə hazırda yaxın çevrəsinin həbsi ilə bağlı proseslərə başı qarışıb.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.