Ermənistan vətəndaşı QRU-nun keçmiş əməkdaşını öldürməkdə şübhəli bilinir

4-06-2019, 02:23           
Ermənistan vətəndaşı QRU-nun keçmiş əməkdaşını öldürməkdə şübhəli bilinir
Ermənistan vətəndaşı Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş əməkdaşı Nikita Belyankini qətlə yetirməkdə şübhəli bilinir.

Publika.az xəbər verir ki, iyunun 1-də gecə Moskva vilayətinin Krasnoqorsk rayonunda xüsusi xidmət orqanlarının Suriyada döyüşmüş keçmiş əməkdaşı 24 yaşlı Nikita Belyankin qətlə yetirilib.

O, axşam evə qayıdarkən qonşuluqdakı barlardan birinin qarşısında bir qrup adamın bir nəfəri döydüyünün şahidi olub. Belyankin düşünmədən təklənmiş şəxsi müdafiə etməyə çalışıb. Kütlənin ona qarşı gəldiyini görən Nikita üstündə olan travmatik tapança ilə göyə xəbərdarlıq atəşi açıb. Lakin davada iştirak edənlərdən biri onu ürəyindən ölümcül yaralayıb. Nikita yerindəcə keçinib.

Bu hadisə Rusiyada böyük əks-səda doğurub. Nikitanın hərbçi dostları hadisə yerinə gələrək istintaqın gedişinə kömək edirlər. Araşdırma zamanı məlum olub ki, Nikita Belyankinin ürəyindən ölümcül bıçaq zərbəsi vuran Ermənistan vətəndaşıdır. Keçmiş hərbçinin atasının sözlərinə görə, o, hadisənin baş verdiyi gecə Rusiyanı tərk edərək Ermənistana qaçıb.

"112" Telegram-kanalı isə bildirib ki, qətldə şübhəli bilinən Ermənistan vətəndaşının Qriqor Oqanyan olduğu təxmin edilir. Qeyd edilir ki, Oqanyan iyunun 2-də İrəvana uçub. Güman edilən cinayətkar hadisədən dərhal sonra aeroporta yola düşüb.

Daha əvvəl bildirildiyi kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları davanın iki iştirakçısını saxlayıblar. Onlar dindirmə zamanı bildiriblər ki, hadisədən sonra qatilə Ermənistana uçmaq üçün təyyarə bileti alıblar.

Mərhumun atası Aleksey Belyankinin sözlərinə görə, şübhəli şəxslərin əksəriyyəti Ermənistana gediblər.
"Mənə dedilər ki, Ermənistan hamını verəcək, bu, demək olar ki, dəqiqdir", - o deyib.

Cinayət işinin istintaqı davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.