Direktor “ovu”na başlanıb: - Rüşvət ki, dəydi ələ, oldun məhbus...

27-04-2021, 20:01           
Direktor “ovu”na başlanıb: -
Masallı rayonunda iki məktəb direktoru tutduqları vəzifədən azad edilib. Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru Mirxanım Hüseynova və Masallı şəhər 6 saylı tam orta məktəbin direktoru Elman Nəzərov müvafiq əmrlə tutduqları vəzifələrindən çıxarılıblar. Buna səbəb onların işlərində yol verdiyi bir sıra nöqsanlardır.

Mövzu barədə fikirlərini “Sherg.az”la bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov təhsil sistemində ciddi islahatların aparıldığını söyləyib:

“Məktəb direktoru qanunvericilik bazasını bilsə, o məktəbi yaxşı idarə edəcək. Çünki təhsil qanunvericiliyində müəssisəsinin necə idarə edilməli olduğu öz əksini tapıb.
Tədris prosesində xoşagəlməz halların olması təəssüf doğurur. Adətən məktəb direktorları müəllimlərdən dərs bölgüsünə, uşaqların dərslərdə iştirak etməsinə, həmçinin etməməsinə görə pul və ya müəyyən ödənişlər tələb edir. Bu da təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Bunları aradan qaldırmaq üçün idarəetmədə şəffaflıq, obyektivlik və mobilliyi artırmaq vacibdir”.

Ekspert təəssüflə qeyd edib ki, təhsil sistemində ciddi şəkildə özbaşınlalıq var:

“Öz vəzifəsindən sui-istifadə edənlər buna görə cəzalandırılmır. Bu vəziyyət aradan qaldırılmalıdır ki, təhsilin keyfiyyəti yüksəlsin
Hər bir ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyası keyfiyyətli təhsil mühitinin formalaşdırılması ilə səciyyələnir.

Millətin təhsilinin və elmi potensialının inkişaf etdirilməsi, öz növbəsində, müasir cəmiyyətin davamlı və dinamik inkişafının əsas amillərindən biridir.

Təsadüfi deyil ki, dünyanın inkişaf etmiş ölkələri məhz təhsildə yüksək inkişaf yolu keçməklə mühüm nəticələr əldə edə biliblər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.