Keçmiş MTN-nin sabiq naziri danışdı - Təfsilat

23-02-2016, 01:08           
Keçmiş MTN-nin sabiq naziri danışdı - Təfsilat
“Bu gün 76 yaşım tamam olur. Çoxları sual verirlər ki “özünüzü necə hiss edirsiniz?”. Qısaca cavabım belədir: özümü 76 yaşındakı kimi hiss edirəm”. Bu sözləri Modern.az saytına açıqlamasında 1995-2004-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov deyib.

Qeyd edək ki, 22 fevral tarixi eks-nazirin doğum günüdür.

Namiq Abbasov 76 yaşının tamam olması münasibətilə ilk təbrik edənlərdən də söz açıb.

“İnsanın özəl günlərindən biri də yaşının üstünə yaş gəlməsidir. Təbii ki, doğum günündə ilk ürək sözlərini, xoş arzularını ailə üzvləri dilə gətirir”.

Sabiq nazir əslində doğum günü keçirtməyi sevmədiyini deyib.

“Doğum günü keçirtməyi sevmirəm. Demək olar ki, əvvəllər də, nazir işləyəndə də buna meylli deyildim. Bunun da səbəbi var. Hədiyyə qəbul etməyi sevmirəm. Doğum gününə gələn insanlar da hədiyyəsiz gəlmir. Ona görə də ən yaxşısı bu günü keçirməməkdir”.

“Keçmiş dostlarınız sizi təbrik edibmi” sualına sabiq nazirin cavabı belə oldu.

“Salam verdiyim insanların çoxu doğum günümdə məni unutmur. Vəzifədən getməyimə baxmayaraq, dostlarla salamım qalır. Ona görə də keçmiş dostlar arasından da təbrik edənlər var”.

N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.