Daxili İşlər Nazirliyinin səlahiyyətləri bir azda artırıldı

6-03-2016, 10:32           

Nazirlər Kabineti “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə dair Qaydalar”da dəyişiklik edib.

APA-nın məlumatına görə, Bu Qaydalar beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin (bundan sonra - sürücü(lər)) iş və istirahət rejimini, taxoqraflardan istifadə qaydalarını, bununla bağlı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi və fiziki şəxslərin (daşıyıcı), sürücülərin hüquqlarını, vəzifələrini və məsuliyyətini, həmçinin Azərbaycan Respublikasının ərazisində taxoqraflarla təchiz olunmuş beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən xarici və yerli daşıyıcılara məxsus olan avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının əməkdaşları tərəfindən nəzarətin həyata keçirilməsinin əsaslarını müəyyən edir.

Indiyə qədər beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına dövlət nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada və Sazişin tələblərinə müvafiq olaraq, Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilib. Dəyişikliyə əsasən Nəqliyyat Nazirliyinin bu sahədə səlahiyyəti ləğv olunub. Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına dövlət nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada və Sazişin tələblərinə müvafiq olaraq, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək. Digər tərəfdən, indiyə qədər nəzarət tədbirləri yalnız xüsusi yol nişanları ilə işarələnmiş stasionar nəzarət postlarında (məntəqələrində) əvvəlcədən müəyyən edilmiş plan və qrafikə əsasən Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən birgə həyata keçirilib. Nəqliyyat Nazirliyinin bu sahədə də səlahiyyəti ləğv olunub. Bundan sonra həmin atonəqliyyat vasitəsinin sürücüsünün sənədləri də Nəqliyyat Nazirliyi deyil, Daxili İşlər Nazirliyi tərəfindən yoxlanacaq.

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda da dəyişiklik edib. Həmin Qaydalar Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi üçün xüsusi razılıq (lisenziya) almış Azərbaycan Respublikasının avtomobil nəqliyyatı daşıyıcıları (daşıyıcılar) tərəfindən avtomobil nəqliyyatı vasitələri (avtonəqliyyat vasitələri) ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, habelə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarının həyata keçirilməsi qaydası və şərtlərini, sərnişinlərin, avtomobil daşıyıcılarının, daşımaların sifarişçilərinin və təşkilatçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. İndiyə qədər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsinə, o cümlədən bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilib. avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsinə, o cümlədən bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi səlahiyyətləri çərçivəsində tərəfindən həyata keçiriləcək. Əgər indiyə qədər Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının lisenziya (lisenziya kartı) olmadan və ya lisenziyalaşdırma şərtlərinin pozulması ilə yerinə yetirilməsi aşkar edildikdə, Nəqliyyat Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edibsə, bundan sonra bu sahədə Nəqliyyat Nazirliyi deyil, Daxili İşlər Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edəcək. Eyni zamanda bundan sonra daşıyıcıya məxsus avtonəqliyyat vasitəsi xüsusi texniki vasitələr tətbiq edilməklə daşımalardan kənarlaşdırıldıqda, onun qorunub saxlanılması Nəqliyyat Nazirliyinin deyil, Daxili İşlər Nazirliyinin səlahiyyətli qurumları tərəfindən təmin ediləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.