Ağdamda ermənilər darmadağın edildi - TƏFƏRRÜAT

12-03-2016, 06:13           
Ağdamda ermənilər darmadağın edildi - TƏFƏRRÜAT
Azərbaycan Ordusunun Ağdamda ermənilərə endirdiyi zərbələrin təfərrüatları məlum olub. ANS-in məlumatına görə, Ermənistan ordusunun hava hücumundan müdafiə sistemi məhv edilib.

Azərbaycan Silahlı Qüvvələri Ağdam rayonu istiqamətində – Ermənistan ordusunun cəbhənin dərinliyindəki obyektinə zərbə vurub.

Qarşı tərəfin hərbi hissənin nəzarət məntəqəsi tamamilə sıradan çıxarılıb.

Martın 10-dan 11-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri cəbhənin dərinliyində yerləşən ermənilərin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissəsini darmadağın edib.

Hücum nəticəsində hərbi hissənin istifadəsində yer alan P-18 və P-19 radiolokasiya stansiyaları, habelə bu stansiyaların enerji təminatını həyata keçirən dizel generatoru məhv edilib, hərbi hissənin nəzarət məntəqəsi tamamilə sıradan çıxarılıb. İlkin məlumatlara görə, ən azı 15 hərbi qulluqçu həlak olub.

Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin Ağdam istiqamətində, təmas xəttindən kifayət qədər aralıda yerləşən erməni mövqelərinə “misli görünməmiş zərbələri” haqda açıqlama yayıb və bildirib ki, 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından bəri belə hal qeydə alınmamışdı.

Qeyd edək ki, Müdafiə Nazirliyi cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısının alındığını açıqlayıb.

Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə Ermənistan Ordusunun təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Cəbhə xəttində ermənilərin təxribatı ilə bağlı Azərbaycan xarici işlər nazirliyi də açıqlama verib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, o cümlədən qumbaraatan, minaatan və digər ağır atəş vasitələri tətbiq edilməklə, atəşkəs rejiminin intensiv şəkildə pozulması mütəmadi xarakter daşıyır.

XİN rəsmisi deyib ki, Ermənistan qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinin kütləvi şəkildə yaşadığını bildiyi halda, məsuliyyətsiz şəkildə, qəsdən ağır atəş vasitələri ilə mülki şəxslər və onların mülkiyyətini hədəfə alır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.