Mərkəzi Bank Cavid Qurbanovun bankını məhkəməyə verib

13-03-2016, 11:48           

Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş “Gəncəbank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

“Report”un məlumatına görə, AMB bankın müflis elan edilməsi, ləğvedici qismində “Azerbaijan İnternational Consulting Company” MMC-nin təyin edilməsi, ləğvediciyə ödəniləcək aylıq əmək haqqının 15 min manat məbləğində müəyyən edilməsi barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vəsatəti təmin etməyib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.

İstiqlal.az bildirir ki, “Gəncəbank” ASC-nin səhmələrinin 33,3 faizi "Azərbaycan Dəmir Yolları" ASC-nin sədri Cavid Qurbanovun atası Qurbanov Qənbər Şəmşir oğluna məxsusdur. Bu barədə bankın rəsmi saytında da (http://www.gandjabank.az/?/az/content/165/) məlumat verilib.

C.Qurbanovun atası Q.Qurbanov Sovet nomenklaturasına daxil olan bir şəxsdir. 1933-cü il təvəllüdlü Q.Qurbanov Ağdam Müəllimlər İnstitutunu, Azərbaycan Pedaqoji İnstitutunu, Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirib. 1975-1989-cu illərdə Kəlbəcər rayon İcraiyyə Komitəsinin, 1989-cu ildən sonra isə Gədəbəy rayon İcraiyyə Komitəsinin sədri olub. İndi təqaüdçüdür. Təbii ki, 80 yaşlı Q.Qurbanovun bankın idarə etməsi ilə məşğul olması real deyil - bankın idarəetməsini onun oğlu Cavid Qurbanov həyata keçirir.

“Gəncəbank” ASC 28 fevral 1994-cü ildə yaradılıb. Azərbaycan ərazisində paytaxtdan kənarda - Gəncədə fəaliyyət göstərən yeganə bankdır (46 kommersiya bankının 45-i paytaxt Bakı şəhərində fəaliyyət göstərir). Bəzi məlumatlara görə, “Gəncəbank” elə şübhəli maliyyə əməliyyatlarının keçirilməsi üçün təsis edilib və buna görə də paytaxtdan kənarda fəaliyyət göstərməsi “məsləhət” bilinib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.