Kənd icra nümayəndəsinin özbaşıalığı narazılıq yaratdı - Qazaxda
7-05-2015, 15:55
Son vaxtlar bölgələrdən aldığımız məlumatlarda bəzi rayon və kəndlərdə abadlıq işlərinin aparılması və digər bəhanələrlə külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi hallarının tez-tez baş verdiyi bildirilir. Mənbələrin iddialarına görə bu kimi hallara daha çox icra strukturlarında müxtəlif vəzifələr tutmuş məmurlar tərəfindən rəvac verilir. O cümlədən Qazaxdan aldığımız bir neçə məktubda rayonun Hüseynbəyli kəndində də bu xüsusda çeşidli korrupsiya hallarının müşahidə olunduğu vurğulanır. Aldığımız məlumatlar əsasında ötən saylarımızdan birində dərc etdiyimiz materialda biz artıq qeyd etmişdik ki, yerli sakinlər tərəfindən Qazax Rayon İcra Hakimiyyəti başçısının Hüseynbəyli kəndi üzrə nümayəndəsi Əziz Əhmədovun fəaliyyətinə dair ciddi iradlar irəli sürülməkdədir. Məlumatlarda kənd icra nümayəndəsinin davamlı olaraq törətdiyi özbaşınalıqlara dair müxtəlif faktlar öz əksini tapmışdır. Məsələn, təqdim edilən açıqlamalardan birində Əziz Əhmədovun bəzi digər məmurlarla cinayətkar işbirliyinə gələrək birgə törətdikləri maxinasiyalardan bəhs olunur. Bildirilir ki, Hüseynbəyli kəndi ərazisində torpaqların qeyri-qanuni satışı həyata keçirilir. Həmçinin məlumatlara görə Əziz Əhmədov indinin özündə də Qazax Rayon İcra Hakimiyyətinin başçısının adından sui-istifadə edərək, bir çox ciddi qanun pozuntuları və vətəndaşların hüquqlarının tapdanması hallarına geniş yer verir, rayon rəhbərliyini isə biri digərini sığortalayan yalan məlumatlarla aldadır. Aldığımız digər bir məlumatda isə Əziz Əhmədovun Hüseynbəyli kəndi ərazisində yerləşən uşaq bağçası ilə bağlı həyata keçirdiyi maxinasiyalardan bəhs olunur. Mənbənin iddiasına görə bu yaxınlarda bağçanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonun daxili büdcəsindən Hüseynbəyli kənd icra nümayəndəliyinə müəyyən məbləğdə pul ayrılıb. Nəzərdə tutulub ki, həmin vəsaitlər hesabına bağçaya altı ədəd kompyuter və iki ədəd plazma televizor alınmalıdır. Lakin Əziz Əhmədov bu xüsusda fərqli bölgü keçirmək qərarına gəlib. Bu bölgüyə əsasən bağçanın tələbatlarının ödənilməsi üçün dörd ədəd kompyuter ayrılıb. Digər iki kompyuter üçün ayrılan məbləğ isə icra nümayəndəsi tərəfindən mənimsənilib. Televizorlara gəlincə isə, iddialara görə Əziz Əhmədov dövlət pulları hesabına bağçanın deyil, öz evinin televizorlarını dəyişib. Bağçaya evdən iki ədəd köhnə televizor gətirib yerləşdirən icra nümayəndəsi, onların hər birinə görə 1000 manat məbləğində pul silib. Həmçinin bağçaya alınan mebel və yataq ləvazimatlarının da aqibəti təxminən eyni olub. Yəni bu inventarlar bağça üçün alınsa da, öz ünvanına gəlib çatmadan naməlum şəxslərə satılıb. Bu yolla da ayrılan vəsaitlərin daha bir hissəsi nağdlaşdırılaraq mənimsənilib. Daha sonra aldığımız məlumatlarda oxşar maxinasiyaların Hüseynbəyli kənd orta məktəbində də törədildiyi bildirilir. Həm də maraq doğuran belə bir məqam diqqətə çatdırılır ki, bu məktəbin direktoru Mahirə xanım, Əziz Əhmədovun həyat yoldaşıdır. Həmçinin mənbə iddia edir ki, Hüseynbəyli kənd icra nümayəndəsi bir müddət əvvəl oğlu Pərvini ali təhsili olması barədə saxta diplomla təmin edərək, 3000 manat rüşvət vermək müqabilində onun Qazax rayonu Meşə mühafizəsi və bərpası müəssisəsinə işə qəbuluna nail olmuşdur. Digər bir məlumata görə isə, Qazax RİH-nin Hüseynbəyli kəndi üzrə nümayəndəliyinə hər hansı bir arayış üçün müraciət edən vətəndaşlara ilk növbədə konkret qiymətlər əks olunan tariflər təqdim olunur. Məsələn, ailə tərkibini təsdiq edən 2 saylı forma arayışına görə Əziz müəllim sakindən 30 manat tələb edir. Əks halda bu arayışın verilməsi qeyri-müəyyən müddətə təxirə salınır...