Akif Çovdarov xəstəlik bəhanəsi ilə azad olunur? - İDDİA
21-05-2016, 11:24
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun səhhəti pisləşib. İddia olunur ki, bir müddət əvvəl A.Çovdarovun səhhətində qəfil problem yaranıb və o, özünü pis hiss edib.
Bununla bağlı Baş Prokurorluğa müraciət edilərək generalın tibbi müayinədən keçirilməsi üçün komissiyanın yaradılmasına icazə istənilib. Müraciətdən sonra A.Çovdarov həkim komissiyası tərəfindən müayinə olunub və onun ürəyində ciddi problem aşkarlanıb. Məlumata görə, A.Çovdarov tibbi müayinədən keçiriləndən sonra təcili 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə köçürülüb. Hazırda o, tibb məntəqəsində həkim nəzarətində saxlanılır. Trend.az-ın xəbərinə görə A.Çovdarov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməkdən imtina edib.
A.Çovdarovun xəstə adı ilə ona veriləcək cəzadan azad ediləcəyi haqda da məlumatlar dolaşmaqdadır. Bildirilir ki, əli qana batmış odioz MTN generalı həbsdən xəstə adı ilə qurtulmaq yolunu tutub. A.Çovdarov ona elan edilmiş ittihamların çox ciddi sübut-dəlil bazasının olmasının fərqindədir. Odur ki, ittihamlardan yaxa qurtarmayacağını, real cəza alacağını da təxmin edir. Bilir ki, ona elan edilmiş ittihamlar üzrə azı 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunacaq. Bu halda cəzadan yaxa qurtarmağın yeganə yolu xəstəliklə əlaqədar azad edilməkdədir. A.Çovdarovun hazırkı xəstələnməsi həmin planın tərkib hissəsi ola bilər...
Xatırladaq ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbayel rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu ilin fevral ayında isə A.Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbiri 4 ay müddətinə artırılıb. A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.