"Zorla soyundurub çılpaq küçəyə çıxartdı..." mVİDEO

15-05-2015, 16:13           
"Zorla soyundurub çılpaq küçəyə çıxartdı..." mVİDEO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində öz dostunu lüt soyundurub küçədə gəzdirən, atasının dostunu döyüb zibil qabına atan və sevdiyi qızı ailəsi ilə birgə yandıran gəncin məhkəməsi keçirilib.

"Zorla soyundurub çılpaq küçəyə çıxartdı..."

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək bildirib ki, 1994-cü il təvəllüdlü Fətəliyev Röyal Azər oğlu 2013-ü il dekabrın 4-də Musayev Əli ilə küçədə mübahisə edib, sonra onu döyərək qolundan tutub evə aparıb. Orada Əlini zorla soyundurub bıçaqla üzünə və sinəsinə xəsarət yetirib. Röyal Fətələliyev dostu Əli Musayevi soyundurduqdan sonra çılpaq vəziyyətdə küçəyə çıxarıb xalasıgilə kimi aparıb.

Döyüb zibil qutusuna atdı...

Röyal Fətəliyevin ittihm olunduğu digər iş isə atasının dostu Asif Əsgərovu döyməsi olub. Röyal atası haqda nalayiq ifadələr işlədən Asifi “Binə” bazarının yanında yerləşən “Dərya” kafesinin arxasına çağırıb. Onu orada döyərək zibil qutusuna atıb.

Məhkəmə prosesində ən çox müzakirə olunan onun sonuncu cinayəti və sevgisi olub. Röyal Fətəliyev telefon vasitəsilə tanış olduğu qızdan “otval” aldıqdan sonra onu ailəsi ilə birgə yandırmaq qərarına gəlib. Evi yandırsa da, qız və ailəsi sağ-salamat xilas olublar.

2014-cü ilin iyunun 12-də Röyal Fətəliyev içkili vəziyyətdə gizlincə sevdiyi qızın yaşadığı evin zirzəmisinə girib, oradakı palazı alışqanla yandırıb və oradan uzaqlaşıb.

Dövlət ittihamçısının çıxışından sonra Röyal Fətəliyev ifadə verərək ilk 2 cinayətdə özünü təqsirli bilsə də, sevdiyi qızla bağlı məsələdə özünü qismən təqsirli bilib.

"Araq məni şirə döndürmüşdü..."

Röyal Fətəliyev ifadəsində bildirib ki, o, sevdiyi qızın evini yandırarkən onları öldürmək niyyəti olmayıb: “Mən istədiyim qızı niyə yandırım?! İnsan da istədiyi insanı öldürər?! Onları öldürmək istəsəydim hazırlıqlı gedərdim, alışqanla da adam öldürərlər?!”

R.Fətəliyev dostunu sözünün üstündə durmadığı üçün soyundurub, döyüb: “Əli ilə bağlı məsələdə özümü təqsirli bilirəm. Amma cavanlar arasında olur da belə şeylər. İçkili olub eləmişəm. Mən telefonumu satmaq istəyirdim. Əli dedi ki, mən alacağam. Sonra başqa bir adam da telefonu almaq istədi. Dedim ki, Əliyə söz vermişəm, ona satacağam. Sonra gəldim Əlinin yanına, dedim ki telefonu al, söz vermisən. Əli telefonu almaqdan boyun qaçırdı, istəmədi. Mən də dedim kişisən, söz vermisən. Özüm də içkili idim, beynim çöndü, onu döydüm. Araq məni şirə döndürmüşdü. Sonra da dedim soyun, o da soyundu”.

Röyal ifadəsində atasının dostu Asif Əsgərovu söyüşə görə döydüyünü deyib: “Asifə mən “əmi” demişəm. Böyüyüm olmayan yerdə mənə böyük olub. Həmin gün səhərdən axşama kimi Asiflə domino oynadım. Sonra evə getdim, eşitdim ki, atamla telefonda mübahisə edib. Onu söyüb. Gördüm Asif yenə atama zəng edir, telefonu mən açdım. Asif məni də söydü, çağırdım görüşə. Görüşəndə də üzümə söydü. Mən də döydüm. Məncə, onu zibil qabının içinə atmadım. Amma Asif elə deyirsə, bəlkə də zibil qabının içinə atmışam”.

"Zirzəmidəki palazın qırağına “zajqalka”nı vurub çıxdım"

21 yaşlı gənc sevdiyi qız, 1996-cı il təvəllüdlü Vüsalə Məmmədova ilə necə sevgili olması və evlərini niyə yandırması haqda da danışıb: “Vüsalə ilə telefonda danışıb tanış olmuşduq. Bir gün özü dedi ki, səni görmək istyirəm. Lökbatanda Mədəniyyət Evinin qarşısında görüşdük. Ondan sonra yenə telefonla danışmağa başladıq. Bununla da, bizim aramızda qarşılıqlı sevgi yarandı. Bir gün məndən soruşdu ki, sən həqiqətən mən sevirsən? Dedim səni sevdiyimi sübut edəcəyəm. Bir-iki gün sonra içib getdim onlara. Atasını çağırdım, dedim sənin qızını sevirəm. O da dedi çıx get, mən də getdim”.

Vüsalə ilə telefonla danışarkən mübahisə edən Röyal onu qorxutmaq qərarına gəlib: “Vüsalə ilə hər həftə görüşüb telefonunu alırdım. Aparıb yoxlatdırırdım, həmin vaxt mənim telefonum onda qalırdı. Bir gün yenə Vüsalədən telefonunu aldım, apardım yoxlatdırmağa ki, görüm kimlə danışır. Öz telefonum onda qaldı. Sonra polisdən mənə zəng edib dedilər ki, telefon oğurluğuna görə səndən şikayət ediblər. Həmin müddət Vüsalədən xəbər ala bilmədim, bir ay sonra danışdıq. Telefonda məni söydü, dedim bu söyüşün əvəzini çıxacağam. Mən ağlım kəsəndən dava-dalaşda olmuşam, bir dəfə də 17 yaşımda davaya görə şərti cəza almışam. Amma heç vaxt oğurluq etməmişəm. Bu başıma gələnlər də hamısı sevgiyə görə oldu. Özününüz də cavan olmusuz, sevmisiz, bilirsiz sevgi necə bir şeydir. Mənə burada 25 il də cəza verilsə, Vüsalə ilə münasibətimizi, aramızda olanları açıqlamayacağam. Onun həyatını, gələcəyini məhv etmək istəmirəm.

Bir gün getdim Vüsaləgilin evinə, fikirləşdim ki, ona sevdiyimi sübut edəcəyəm. Gecə saat 2 olardı, qapılarını döydüm açan olmadı. Həyətlərində xeyli gözlədim heç kim çölə çıxmadı. Telefonda Vüsaləyə demişdim ki, gələcəyəm. Fikirləşdim ki, yəqin, qorxub qohumugilə gediblər. Mən də gəldiyimi bilsinlər deyə zirzəmidəki palazın qırağına “zajqalka”nı vurub çıxdım. Dedim qoy palaz biraz yansın, gələndə görsünlər və bilsinlər ki, mən gəlmişəm. Sonra çıxıb getdim. Bundan əvvəl də bir dəfə gizlicə onların evinə girib güzgünü sındırmışdım ki, yəni istədiyim vaxt evinizə girə bilirəm. Mən onların evini yandırmaq istəsəydim özümlə benzin aparardım. Bilməzdim ki, palaz o boyda evi yandırar”.

"Sevdiyim qız qəzada öldü..."

Röyal Fətəliyev usta işlədiyini, hər gün içdiyini deyib. Psixoloji problemlərinə görə hərbi xidmətə getməyib. O, Vüsalədən əvvəl bir qız sevdiyini, onun da qəzada öldüyünü deyib.

"Əsəbləşəndə evdə qapı, pəncərəni sındırır"

Bundan sonra onun atası Azər Fətəliyev ifadə verib. O, valideyn kimi özünü günahkar bildiyini deyib: “Əli ilə söhbəti biləndə hər ikisi ilə danışdım. Böyük kimi yol göstərdim. Cavandılar, öz aralarında olub. Asifin isə öz günahı olub, bizi söyüb. Vüsalə məsələsini isə telefon oğurluğu şikayətindən sonra bilmişəm. Röyal əsəbidir, əsəbləşəndə evdə qapı, pəncərəni sındırır. Hər nəsildə bir dəli olmalıdı, bizdə də budur. Neyniyim, yerə yıxıb başımı kəsim?!”

Röyal Fətəliyev atasının son cümləsinə “Sən də burada oturmaq istəyirsən?!” deyə reaksiya verib.

Bundan sonra lüt soyundurularaq döyülən 1989-cu il təvəllüdlü Əli Musayev ifadə verib. O Röyal Fətəliyevdən şikayətçi olmadığını deyib: “Telefona görə mübahisəmiz düşdü. Məni döydü, dedi soyun, soyundum. Paltarlarım qaldı orada, lüt getdim evə. Oradan paltar geyinib getdim polis bölməsinə şikayət etdim”.

Ə.Musayev evli və bir övladı olduğunu deyib.

"Qızım 4-cü sinifdə oxuyandan məktəbdən çıxarmışam"

Vüsalənin atası İlham Məmmədov ifadəsində bildirib ki, əgər Röyalın atası yanğından sonra onlara gəlib maraqlansa idi, ərizəsini geri götürərdi: “Mən qızım dördüncü sinifdə oxuyandan məktəbdən çıxarmışam. Səbəbi isə məktəbin qabağında oğlanların ona sataşması idi”.

İ.Məmmədova Röyala müraciət edərək “Yaxşı oğlan, cayıl elə hərəkət etməzdi” deyib.

Vüsalənin anası Zəminə Məmmədova Röyal üçün ən ağır cəza verilməsini və onlara dəyən maddi zərərin ödənilməsini istəyib: “Qızıma telefonu mahnıya qulaq asması üçün almışdım. Sonra bir gün zəng edib dedi ki, tanımadığım adam telefonumu oğruladı. Biz də polisə şikayət etdik. Bir gün gecə 3-ə işləmiş yoldaşım oyanıb görüb ev tüstünün içindədi. Tez bizi oyatdı. Bizim həyət qapımız həmişə açıq olur. Açar da çöl tərəfdən qapının üstündə olur. Yoldaşım qapını açmaq istəyəndə gördü ki, bağlıdı. Pəncərədən tullanıb, bizi də oradan çıxartdı. Röyal bizi öldürməyi planlaşdırıb. Çünki həmin gün küçədə iki yerdə yas çadırı qurulmuşdu, sularımız da kəsilmişdi. Yas çadırlarına görə FHN maşını bizim evə gələ bilmədi, sular gəlmədiyi üçün özümüz də söndürə bilmədik. Ev tamam yandı. Röyal polisə ifadəsində də deyib ki, uzaqdan dayanıb evə baxıb, ev tam alovlanandan sonra oradan uzaqlaşıb”.

"Dedi ya mənim olmalısan, ya qara torpağın”

Sonra 1996-cı il təvəllüdlü Vüsalə Məmmədova ifadə verib. O hakimdən Röyala ömürlük cəza verməsini istəyib: “Bir dəfə zəng edib dedi səhv düşmüşəm. Sonra təkrar zənglər etməyə başladı. Ailəm haqda hər şeyi, bütün məlumatları dedi. Bir gün qardaşımı musiqi dərsinə aparanda qarşımı kəsib telefonumu zorla əlimdən alıb qaçdı. İki ay telefon işlətmədim. İki aydan sonra zəng etdi, mən bunu söydüm. Dedi ki, məni söydüyünə görə evinizi yandıracağam. Dedi ya mənim olmalısan, ya qara torpağın”.

V.Məmmədovanın ifadəsində Röyal haqda daha bir maraqlı məlumat ortaya çıxıb: “Röyal evlidir, 5 yaşında oğlu var. O qızı da aparıb qoyub atası evinə”.

14 yaşında evlənib...

Röyal bunu təsdiqləyib və 14 yaşında özündən yaşca böyük bir qızla evləndiyini deyib. Sonradan isə ayrılıblar.

Vüsalə Məmmədova ifadəsinin sonunda Röyala müraciət edərək” sənə ömürlük cəza verilsin, qurban kəsib paylayacağam” deyib. R.Məmmədov isə “razıyam, təki sən xoşbəxt ol” deyə cavab verib.

Röyalın anası Fətəliyeva Pərvanə ifadəsində bildirib ki, oğlu kiçik olarkən onların evi yanıb: “Röyal da evin içində qalıb yanmışdı. Ona görə də əsəbidir”.

Növbəti məhkəmə iclası mayın 22-ə təyin edilib.
[media=https://www.youtube.com/watch?v=bHZrnP2TDoE]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.