Qıza alkoqollu içki içirdən şəxs tanışını döydü - MƏHKƏMƏ
8-10-2024, 10:49
Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Göyüşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1500 manat cərimə cəzası təyin edilib.
İttihama görə, hadisə 13 aprel 2024-cü il tarixdə, saat 20:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF-Park" yaşayış kompleksi ərazisində yerləşən "Şəms" restoranının qarşısında qeydə alınıb.
Belə ki, Pənah Göyüşov küçədə əvvəllər tanıdığı, onunla eyni məclisdə iştirak etməklə spirtli içki qəbul edən zərərçəkmiş İman Dəmirçiyevlə (şərti) söhbət edib. Söhbət əsnasında zərərçəkmişin ona restoranda eyni masada əyləşmiş ümumi tanışları olan Kəmalə (şərti) adlı qıza alkoqollu içki içirtməsinə görə şifahi irad bildirib. Sonra o, zərərçəkmişin sifət nahiyəsinə yumruqla zərbələr vuraraq onu yerə yıxıb. Pənah yerdə də zərbələr vurmaqda davam edərək İmanın sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib.
Hadisədən sonra Pənah Göyüşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.