Suriyada döyüşən azərbaycanlılar: “Allahın hökmü ilə məhkum olacağıq”
9-04-2015, 14:51
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirli bilinən 10 nəfərlik dəstənin məhkəməsi başlayıb.
Lent.az-ın məlumatına görə, prosesdə hakim məhkəmə tərkibinə etirazın olub-olması ilə bağlı təqsirləndirilən şəxslərə müraciət edib. Təqsirləndirilən şəxslərdən Vüqar Dursunəliyev deyib ki, allahın hökmündən başqa heç bir hökmü qəbul etmirlər.
Hakim məhkəmə istintaqının başladığı elan edib. Söz dövlət ittihamçısına verilib. İttihamçı-prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərdən Vilayət Həsənli ifadə verməkdən imtina edib və sususaraq etiraz edib. O, hakimin və dövlət ittihamçısının suallarını cavabsız qoyub. Məhkəmə onun ibtidai istintağa verdiyi ifadə qəbul edərək, məhkəmə zalında elan edib.
İttiham olunan şəxslərdən Vasif Hacıyev də ifadə verməkdən imtina edib.
Mehman Balakişeydə “Allahın hökmü ilə məhkum olacağını, heç bir sualla cavab verməyəcəyini” deyib.
Məhkəmə fasilə elan edib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.
Bunlardan Təqsirləndirilən digər şəxslər - Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.
Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə onda Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradaraq, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.