“Məmurun villası yox, vətəndaşın alış-verişi şübhəli sayılır!” - Hüquqşünasdan SƏRT SÖZLƏR

Bu gün, 00:05           
 “Məmurun villası yox, vətəndaşın alış-verişi şübhəli sayılır!” -
Son günlər ƏDV geri al (Əlavə Dəyər Vergisinin geri qaytarılması) sistemi ilə bağlı vətəndaşların üzləşdiyi məhdudiyyətlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Belə ki, kuryer xidməti göstərən bir şəxs sosial mediada paylaşım edərək bildirib ki, əvvəllər ayda orta hesabla 40-50 manatlıq ƏDV geri qaytara bilirdisə, son vaxtlar artıq qəbzləri sistemə yükləmək mümkün deyil. Onun sözlərinə görə, hesabı şübhəli əməliyyat kimi tanınıb və bu səbəbdən istifadə hüququ məhdudlaşdırılıb.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən verilən açıqlamada bildirilib ki, vətəndaşın təqdim etdiyi ƏDV qəbzləri onun aylıq gəlirinə uyğun gəlmədiyindən əməliyyatlar şübhəli hesab olunub.

Mövzuya hüquqşünas Əkrəm Həsənov da münasibət bildirib. O, Yenisabah.az-a açıqlamasında qeyd edib ki, bu cür yanaşma qanunvericiliyə ziddir:

"Bu, tamamilə qanunsuzdur. Qanunvericilikdə heç bir yerdə şəxsin aylıq xərclərinin mütləq şəkildə onun rəsmi gəlirlərinə uyğun gəlməsi barədə tələb yoxdur. Ola bilər ki, vətəndaşın əvvəlki illərdən yığdığı vəsaiti var, yaxud ona hər hansı bir şəxs tərəfindən maliyyə dəstəyi göstərilib. Bu halları istisna etmək olmaz."

Əkrəm Həsənovun fikrincə, əgər dövlət şəffaflıq və qanunçuluq tələb edirsə, ilk növbədə məmurların gəlir və əmlak bəyannamələrinə əməl olunmalıdır:

"Azərbaycanda məmurların gəlir bəyannaməsi haqqında qanun 2005-ci ildə qəbul olunub, lakin indiyədək ona əməl olunmur. O zaman sual yaranır: məmurlar aldığı rəsmi maaşla necə milyonlarla manatlıq evlər, avtomobillər, villalar əldə ediblər? Bu vəsaitin mənşəyi araşdırılmırsa, sadə vətəndaşın alış-veriş qəbzlərinin mənbəyi niyə şübhəli hesab olunur?"

Hüquqşünas hesab edir ki, vergi orqanlarının bu cür tətbiqi vətəndaşların hüquqlarının pozulması ilə nəticələnə bilər və qanunvericiliyin düzgün tətbiq olunmamasına dəlalət edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.