Las-Veqasda tanınmış yazarın meyiti zibil konteynerində tapıldı
Dünən, 16:18

ABŞ-nin Las-Veqas şəhərində 56 yaşlı tanınmış jurnalist və frilans yazıçı Metyu Kelemanın meyiti zibil konteynerindən tapılıb.
Bu barədə "The Guardian" qəzeti yerli polisə istinadla məlumat yayıb.
Məlumata görə, şəhər sakinləri konteynerdən gələn pis qoxu barədə şikayət etdikdən sonra hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Aparılan araşdırmalar nəticəsində konteynerin içində Metyu Kelemanın qalıqları aşkarlanıb.
Polis jurnalistin qətli ilə bağlı onun 63 yaşlı qonşusunu şübhəli şəxs kimi müəyyənləşdirib. Lakin məlum olub ki, həmin şəxs avtomobil patrulu ilə təqib zamanı baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib. Qeyd olunub ki, bu qəzanın yazıçının ölümü ilə birbaşa əlaqəsi olmayıb.

Kelemanın bacısı bildirib ki, mərhum yaşadığı evi - daha dəqiqi, şübhəli şəxsin də qaldığı kirayə otağı - tərk etməyə hazırlaşırmış:
"Orada yaşamaq onun üçün çox çətin idi. Qonşusunu isə daim qəribə biri kimi təsvir edirdi", - deyə bacısı vurğulayıb.
Qeyd edək ki, Metyu Keleman 2003-cü ildən Las-Veqasda yaşayırdı. O, vaxtilə "944" və "City Life" jurnallarında daimi yazar kimi çalışıb. Son 20 ildə isə "Las Vegas Weekly" də daxil olmaqla, müxtəlif tanınmış nəşrlər üçün film resenziyaları, reportajlar və məqalələr qələmə alıb.

