Keçmiş işçisindən P.Diddiyə qarşı məhkəmədə ifadə: "Ürəyim parçalanırdı"
Dünən, 15:38

P.Diddinin (Şon Kombs) məhkəməsi davam edir. Dinləmələr zamanı musiqi maqnatının həyatı ilə bağlı bir çox dəhşətli təfərrüat üzə çıxıb, lakin şahidlər dayanmaq barədə düşünmürlər. Bu dəfə Diddinin keçmiş işçisi Kaprikorn Klark adlı qadın etiraf edib ki, reper silahdan istifadə edərək onu hədələyib.
Bu barədə "Variety" nəşri yazıb.
2011-ci ildə Klark Şon Kombsun brend direktoru və o vaxtkı sevgilisi Kessi Venturanın yaxın rəfiqəsi olub. Sevgilisi Diddidən ayrılmaq istəyib və ifaçı Kid Kadi ilə yazışmaq üçün gizli telefon əldə edib ki, bunda da ona Kaprikorn kömək edib. Lakin P.Diddi bundan xəbər tutub və səhər tezdən əlində silahla işçisinin evinə gəlib.
"O, o yan-bu yana addımlayırdı. Qəzəbli idi", - deyə Klark bildirib.
Daha sonra Klark müttəhimin onu silahla necə hədələdiyini danışıb və Kessinin yeni sevgilisini öldürmək istədiyini deyib.
Bundan sonra keçmiş brend direktoru Kombsun sevgilisini necə döydüyündən və onu xəyanətdə ittiham etdiyindən danışıb. Kaprikorn onu dayandıra bilməyib və mühafizəni çağırıb.
"Rəfiqəm səssizcə ağlayırdı. Şon dedi ki, əgər onu dayandırmağa çalışsam, mənə təcavüz edəcək. Rəfiqəmin necə döyülməsini gördükcə ürəyim parçalanırdı", - deyə qadın bildirib.

