Məşhur Hollivud aktyoru Hyu Cekman boşanır
Dünən, 15:38

Məşhur Hollivud aktyoru Hyu Cekman və həyat yoldaşı Deborra-Li Ferness boşanırlar.
Bu barədə TMZ nəşri məlumat verib.
Məlumata görə, Deborra-Li Ferness iki illik ayrılıqdan sonra nəhayət, rəsmi olaraq boşanmaq üçün müraciət edib.
Nyu-Yorkun Saffolk dairəsi Ali Məhkəməsində qaldırılan iddia sənədlərinə əsasən, boşanmanın bütün təfərrüatı artıq iki tərəf arasında həll olunub. İndi onların boşanmalarını rəsmiləşdirmək üçün hakim sənədi imzalamalıdır.
Deborra-Li Fernessin vəkili həmçinin sağlamlıq sığortasının davam etdirilməsi, tibbi göstəricilərə görə uşaq üçün alimentin ödənilməsi barədə qərarın verilməsi, nizamlanma razılaşması, məhkəmənin boşanma barədə təklif etdiyi qərar və nikahın pozulması haqqında rəsmi şəhadətnamənin əldə edilməsi üçün sənədlər təqdim edib.
Qeyd edək ki, Hyu Cekman və Deborra-Li Fernessin münasibətləri təxminən 30 illik evlilikdən sonra 2023-cü ilin sentyabrında sona çatıb.
Daha sonra məlum olub ki, buna səbəb "X-Men" ("İks adamlar") filminin ulduzunun Brodveydə "Musiqiçi" myuzikli zamanı Satton Foster ilə eşq yaşaması olub. Bir neçə ildən sonra aktyorlar münasibətlərini artıq gizlətmirlər və tez-tez birlikdə ictimaiyyət qarşısına çıxırlar. Deyirlər ki, aktyor hətta sevgilisinə evlilik təklifi etmək fikrindədir.
