“Bu halda Fransa təyyarələri vurula bilər” - Türk dövlətindən Parisə xəbərdarlıq
4-01-2025, 11:38
Yunan Kipri Fransa hərbi hava qüvvələrinə adanın şimal hissəsində “uçuş izni” verib. Kuzey Kıprıs Türk Cümhuriyyəti (Şimali Kipr) Fransaya hava sərhədini pozacağı təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.
Yunanıstanın Müdafiə Nazirliyi Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanının olmadığını və Fransa təyyarələrinin uçuşuna icazə verdiyini açıqlayıb.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Fransa Ankaranın artan gücündən narahatdır:
“Aydın məsələdir ki, Parisi Kipr maraqlandırmır. Liviya, Cənubi Qafqaz və Suriyadakı proseslər Ankaranın istədiyi kimi yekunlaşdı. Fransa isə yanlış tərəfdə yer aldığı üçün həm prestij, həm də güc itirdi.
Kipr ətrafında gərginlik yaradaraq Fransa Ankaranı qıcıqlandırmaq istəyir. Bu 2025-ci ilə Paris ilə Ankara arasında münasibətlərin daha da pisləşəcəyini deməyə əsas verir. Aydın məsələdir ki, Fransa hava sərhədini pozacağı təqdirdə Kuzey Kıprıs Türk Cümhuriyyəti ciddi tədbirlər görəcək. Ən pis halda Fransa döyüş təyyarələri vurula bilər. Bu zaman Paris də cavab zərbəsi vura bilər ki, bu, Ankara ilə Parisi qarşı-qarşıya gətirə bilər.
Fransa Ankara qarşısında geri çəkilməyəcəyini göstərmək istəsə də indiki məqamda belə bir gərginliyin heç bir tərəf üçün müsbət dividenti yoxdur. Əkinə, Fransa bu addıma görə ABŞ-la da qarşı-qarşıya gələ bilər. Onsuz Yunanıstan ilə Türkiyə gərginliyində maraqlı olmayan ABŞ Fransanın da bənzər təşəbbüslə çıxış etməsindən narazı qala bilər”.