Münhendə avtomobil nümayişçilərin üstünə sürülüb, 28 nəfər yaralanıb

14-02-2025, 15:34           
Münhendə avtomobil nümayişçilərin üstünə sürülüb, 28 nəfər yaralanıb
Münhendə Mini Cooper markalı avtomobil Ştiqlmayerplats meydanında Verdi həmkarlar ittifaqının keçirdiyi nümayişdə insanların üzərinə sürülüb. Reuters yerli polisə istinadən bildirir ki, hadisə nəticəsində azı 28 nəfər yaralanıb.

Bild nəşrinin məlumatına görə, azı iki nəfər "çox ciddi xəsarət" alıb.

Nəşrin yazdığına görə, polis hadisənin qəsdən törədildiyini və ya sürücünün qaz və tormoz pedallarını səhv saldığını araşdırır. Lakin Bayerischer Rundfunk polis mənbələrinə istinadən bildirir ki, istintaq bu insidentin təsadüfi olduğuna inanmır. Bir şahid də sürücünün maşını qəsdən insanların üstünə sürdüyünü iddia edir.

Bild yazır ki, polis hadisəni törədən sürücünü saxlayıb. Onun 26 yaşlı Əfqanıstan əsilli şəxs olduğu bildirilir. Məlumata görə, saxlanmazdan əvvəl polis avtomobilə atəş açıb.

Hadisə Münhen Təhlükəsizlik Konfransının keçirildiyi yerdən təxminən 1,5 km aralıda baş verib. Konfransa ABŞ-ın vitse-prezidenti JD Vans, prezident Donald Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq, eləcə də Ukrayna prezidenti Volodimir Zelenski qatılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.