Dünyanın ən təhlükəli meduzası rusiyalı turistin gözlərini yandırdı
31-05-2025, 15:48

Vyetnamın Nyaçang kurortunda rusiyalı turist "portuqal gəmiciyi" adlandırılan ölümcül meduzanın hücumuna məruz qalıb. Zərərçəkənin həyat yoldaşının sözlərinə görə, kişi möcüzə nəticəsində görmə qabiliyyətini itirmədən xilas olub.
Bu barədə "Shot" "Telegram" kanalı xəbər verib.
Hadisə zamanı Semyon adlı turist dənizdə üzərkən gözündə kəskin yanma hiss edib. Əvvəlcə bunun dəniz suyundan qaynaqlandığını zənn edən Semyon məsələyə ciddi yanaşmayıb. Lakin axşam saatlarında alnında zolaqlar, göz ətrafında isə qızartılar əmələ gəlib. Ertəsi gün isə onun üzü tanınmaz dərəcədə şişib.
Yoldaşı dərhal aptekdən yanıq əleyhinə məlhəm və allergiyaya qarşı dərmanlar alsa da, vəziyyət daha da pisləşib. Nəticədə, cütlük xəstəxanaya müraciət edib. Yerli həkimlər bunun "portuqal gəmiciyi" adlanan təhlükəli meduzanın təsiri olduğunu təsdiqləyiblər.
Həkimlər Semyona dərhal müalicə yazıblar və səkkiz saat sonra şişkinlik çəkilməyə başlayıb. Hazırda turistin vəziyyəti stabildir.
Semyonun həyat yoldaşı hesab edir ki, ərinin gözlərini suyun altında bağlı saxlaması onu korluqdan xilas edib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu meduzanın ifraz etdiyi neyrotoksin təkcə dəridə yanıq deyil, həm də tənəffüs çətinliyi və ürək dayanmasına səbəb ola bilər.