Cinsiyyət orqanını yerə mismarladı: sevgilisinin boğazını kəsən caninin üsyanı
14-11-2016, 01:08
Qeyri-rəsmi münasibətdə olduğu qadının boğazını kəsərək dənizə atan şəxs həbsxanada cinsiyyət orqanını yerə mismarlayıb. Onu buna vadar edən isə dediyinə görə özünə və qardaşına cinayət işinin açılmasıdır.
Musavat.com-un məlumatına görə, həbsxanaya gizli yolla narkotik vasitə keçirmək istəyən qardaşların məhkəməsi keçirilib. Onlardan biri qətldə təqsirləndirilərək 7 ildən artıqdır ki, məhkumluq həyata yaşayır. Digər qardaş isə həbsdə olan qardaşına alt paltarında narkotik vasitə keçirmək istəyərkən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan qardaşlar irəli sürülən ittihamlarla razılaşmayıblar. Onlardan biri özünü qismən günahkar bilsə də digəri özünü qətiyyən təqsirli bilmədiyini deyib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, 1987-ci il təvəllüdlü Kərimov Elman Ömər oğlu və 1982-ci il təvəllüdlü Əliyev Əlvan Ömər oğlu Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinirlər. Həbsdə olan qardaşı Elmana narkotik aparmaqda təqsirləndirilən Əlvan məhkəmədə deyib ki, üzərindən götürülən narkotik vasitəni istifadə etmək məqsədi ilə özü üçün alıbmış.
Baş ağrısı keçsin deyə narkotikdən istifadə edirmiş…
“Mən xəstəyəm. Başım xəstədir. Uşaqlar mənə dedilər ki, dərman atıb ciyərlərini xarab eləmə. Mənə mal verdilər ki, çəkim. Bununla da başımın ağrıları keçəcəkdi. Elə də oldu. Sonra bundan istifadə eləməyə başladım. Qardaşımın yanına həbsxanaya gedəndə mən görüşə girməyəcəkdim. Nənəm də getmişdi. O, içəri girəcəkdi. Orda dedi ki, içəri keçmək istəmir. Mən içəri girəndə Elmana məktub və uşaqların toy diskini gətirmişdim”- deyə Əlvan ifadəsində deyib.
Həbsxanaya girərkən narkotikin alt paltarında olmasına da “aydınlıq” gətirən Əlvan deyib ki, şəhərdə olanda da narkotiki orada gizlədirmiş. Həbsxanaya girərkən də narkotiki orada unudub. Dövlət ittihamçısı bildirib ki, həbsxanada olan Elman bir neçə dəfə qardaşına zəng edərək ona narkotik gətirməsini istəyib. Prokuror əlavə edib ki, bununla bağlı tərəflər arasında telefon danışıqları da var. Əlvan qardaşına aparmaq üçün narkotiki tanımadığı şəxsdən alıb. Həmin şəxs Elmanın tanışı olub. Onlar “Maşın bazarı”nın yanında görüşüblər. Elmanın isə qardaşının həbs olunmasına və özünün yeni maddələrlə ittiham olunmasına reaksiyası sərt olub. Belə ki, o, məhkəmədə bildirib ki, qardaşı günahsız yerə tutulub və ona qarşı yalan ittihamlarla yeni cinayət işi açılıb.
Həbsxanada cinsiyyət orqanını yerə mismarlayıb…
O, bunlara etiraz olaraq özünə xəsarətlər yetirib: “Əlvan mənim yanımda siqaret belə çəkmirdi. O mənə necə narkotik gətirə bilərdi? Ola bilsin ki, özü sonradan istifadə edib. Amma mənə gizli yolla narkotik gətirilməyib. Bu iş düzgün aparılmadı, mənə yeni maddələrlə ittihamlar verildi. Həbsxanada buna etiraz etdim. Özümə dəmirlə xəsarət yetirdim, aclıq elədim. Cinsiyyət orqanımı yerə mismarladım. Cırıb bura gətirdilər”.
Elman məhkəmədən xahiş edib ki, işin yenidən araşadırılması üçün istintaqa qaytarılsın. Növbəti məhkəmə prosesi noyabrın 16-na təyin edilib.
Elman sevgilisinin boğazını kəsib dənizə atıbmış…
Həbsdə olan Elman Kərimov 2009-cu ildə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234-cü maddələri ilə təqsirli bilinərək 12 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2009-cu il 24 yanvar tarixdə Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, qeyri-rəsmi nigahda yaşadığı 1991-ci il təvəllüdlü Nurməmmədova Güllər Nurməmməd qızı itkin düşüb.
Elman polisə deyib ki, Güllər Nurməmmədova 3 gündür evdən çıxıb və bir daha geri qaytımayıb. Bu hadisədən 4 ay sonra Nardaran qəsəbəsində çimərlikdə naməlum qadın meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, qadın meyiti Güllər Nurməmmədovaya məxsusdur.
Ekspertizadan sonra qadının üzərində zorakılıq əlamətləri olduğu müəyyənləşib. G.Nurməmmədova ilə qeyri-rəsmi nigahda olan və Güllərin itkin düşməsi ilə əlaqədar ərizə ilə müraciət edən Elman Kərimov dindirilmək üçün polis idarəsinə dəvət olunub. O, ilk öncə hər şeydən xəbərsiz olduğunu və təəssüfləndiyini bildirib. Ancaq E.Kərimovun hərəkətləri polis əməkdaşlarında şübhələr yaradıb.
Bundan sonra Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər Prokurorluğu və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən Elman Kərimov saxlanılıb.
E.Kərimov istintaqa bildirib ki, Bakı şəhəri, Cavanşir küçəsində yaşayıb və G.Nurməmmədova ilə qonşu olub. Onun dediyinə əsasən, qızın razılığı ilə onu 2008-ci tarixdə doğulduğu Şamaxı rayonu, Əhmədli kəndinə qaçırıb və bir müddət orada yaşayıblar. Sonradan toy etmək məqsədilə Bakıya gəliblər. Güllərin qohum-əqrabası gəlməsə də, toy baş tutub, lakin G.Nurməmmədova həddi-buluğa çatmadığı üçün rəsmi nigaha girməyiblər. Toydan sonra onlar yenidən Şamaxıya qayıdıblar. Bu müddət ərzində Güllər ata-anasını görmək istədiyini bildirib və bir neçə dəfə qaçaraq Bakıya gəlib. Lakin yenidən geri, Şamaxıya qayıdıb.
Nəhayət, onlar yanvarın 11-də Bakı şəhərinə gəliblər və Binəqədi rayonunda ev tutaraq kirayədə yaşamağa başlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, hadisə baş verən gün- yəni yanvarın 21-də Elman Güllərlə birlikdə istirahət etmək məqsədilə Novxanı çimərliyinə gediblər. Güllər burada da ata-anasının yanına getmək istədiyini bildirib. Lakin Elman bu dəfə dözməyib və onu öldürmək qərarına gəlib. Bu məqsədlə bıçaqla onun boğazını kəsib və öldüyünə əmin olduqdan sonra onu dənizə atıb. Sonra Güllərin itkin düşdüyü barədə polisə müraciət edib və heç nə olmamış kimi Şamaxı rayonuna qayıdıb.