Vətəndaşları aldadaraq ölkədən qaçdı- Milyonluq fırıldaq - FOTOLAR, SƏNƏDLƏR
15-11-2016, 21:09
Gözdən əlillər üçün inşa edilən binadan ev alacaqları adı ilə, tamamilə sağlam adamları aldadıb, pullarını mənimsəyən Məzahir Nəsibovun fırıldaqları heyrət doğurur
“Pulumuzu alıblar, evimizi vermirlər, küçədə qalmışıq” – bu sözləri bu gün Bakıda aksiya keçirən sakinlər deyib.
Noyabrın 15-ində bir qrup Bakı sakini Milli Məclisin önünə toplaşaraq aksiya keçirməyə cəhd ediblər. Şikayətçi vətəndaşlar əllərində “8 milyonu aldılar, evsiz qoydular”, “Qanun və ədalət bərpa olunsun” və bu kimi digər şüarlar yazılmış trafaretlər tutublar. Qısa müddət sonra isə əraziyə gələn polis əməkdaşları plakatları onlardan alıblar.
Məsələ burasındadır ki, dövlət layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti üçün yaşayış binası tikilib. Bu bina tikilərkən bəzi şəxslər ortaya çıxıb və insanları aldatmağa başlayıb. Belə ki, Məzahir adlı şəxs öz qohumları və yaxın adamları ilə birgə əlbir olub, müxtəlif insanlardan pul alıblar. Pul əvəzində isə onlara gözdən əlil vətəndaşlarımız üçün tikilən binadan ev verəcəklərini deyiblər.
Bu sahə üzrə təcrübəsi olan bu şəxs pul aldığı 156 ailəyə pul alması ilə bağlı olmayan sənəd verib. İşin üstü açılandan sonra isə Almaniyaya qaçıb. Oraya gedən kimi isə video-müraciət yayaraq, günahsız olduğunu bildirib.
Gözdən əlil insanlar üçün tikilən binadan sağlam olduqları halda pul verib ev ala biləcəklərini düşünüb, aldanan Bakı sakinləri aksiya zamanı başlarına gələn hadisəni danışıblar.
Aldanmış vətəndaşlar deyirlər ki, ödəniş qarşılığında onları qeydiyyata alıblar: “Özüm müəlliməyəm. Qohumdan, qonşudan pul toplayıb, ev almaq üçün pul verdim. Adını bilmədiyim, özünü icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxsə hamı kimi mən də pul ödədim. 2 gün içində adımızı siyahıya saldılar, şəxsiyyət vəsiqəmizi dəyişdirdilər. Üzərində icranın möhürü olan sənəd verdilər. Gözlədik ki, tikilən kimi köçəcəyik. Bina tikildi, təhvil verildi. Biz isə bayırda qaldıq. 156 ailə hazırda evsiz qalıb”
Aldadılan vətəndaşların sözlərinə görə, onlardan pul alan şəxs artıq ölkədə deyil: “Pulumuzu alıblar, evimizi vermirlər. 42 min manat pul vermişəm. Amma indi evsiz qalmışam. Bizə demişdilər ki, bu bina az təminatlı ailələr üçün də nəzərdə tutulub. Amma elə deyilmiş. Prezident İlham Əliyev binanın açılışında iştirak etdi və dedi ki, mənzillər gözdən əlillərə veriləcək. Bundan sonra həmin adamı (Məzahir adlı şəxs… Bu şəxs də hazırda Almaniyadan sığınacaq alıb) yoxa çıxartdılar. Hər yerə şikayət etmişik. Faydası yoxdur. Şəxsiyyət vəsiqəmiz etibarsız sayılır. Seçkidə belə iştirak edə bilmirik”.
Burada adıçəkilən Məzahir Nəsibov adlı şəxs qeyd etdiyimiz kimi məsələ ilə bağlı video-müraciət də yayıb. Həmin müraciətdə o, özünü tam da günahkar bilmir. O, etiraf edir ki, müxtəlif qurumlarla əlaqəsi olub. 156 ailədən pul alıb, qeydiyyatdan keçirib. Həmin aldığı pullardan öz payını götürüb və geridə qalan hissəsini anlaşdığı şəxslərə verib. O, videoda etiraf edir ki, bu əməllə qazandığı pullarla bir obyekt açıb və bağ evi tikdirib. Həbs ediləcəyini anlayanda isə ölkədən qaçıb. Həmin mülkləri isə pul əvəzi geri qaytarıb.
Videoda pulsuz şəkildə ölkədən qaçdığını deyən bu şəxs qısa müddət ərzində necə sığınacaq ala bilib? Axı Almaniya cinayətkarlıqda şübhə edilən şəxslərə , üstəlik bu qədər qısa müddət ərzində sığınacaq vermir.
Azərbaycan Gözdən əlillər Cəmiyyətinin rəhbərliyi bir neçə vətəndaşın Gözdən Əlillər Cəmiyyəti rəhbərliyinin eləcə də Nərimanov rayon icra hakimiyyətinin onları aldatdıqlarına dair iddialarla müxtəlif dövlət orqanlarının binaları qarşısında keçirdilən aksiyalara cavab verib.
Cəmiyyətin rəhbəri olan Səmiyar Abdullayev açıqlamasında bildirib ki, sözü gedən iddiaçı vətəndaşlar özləri öz yalanlarının və bir-birlərinə qurduqları qərəzli oyunların qurbanına çevriliblər: “Belə ki, Məzahir adlı bir vətəndaş onları aldadaraq hiyləgərliklə işlədiyi plan vasitəsilə onlardan böyük məbləğdə pul vəsaiti mənimsəyib. Qeyd edən iddiaçıların heç birini şəxsən tanımıram, heç bir zaman onlara Cəmiyyətin yataqxanası sayılan Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 123 A ünvanına pasport qeydiyyatına düşmələri üçün heç bir şəkildə icazə məktubu verməmişəm, onların heç biri bu məsələ üçün AzGƏC-ə və Az GƏC-in rəhbərliyinə müraciət etməyiblər”.
S.Abdullayev açıqlamasında bildirib ki, interpol tərəfindən axtarışa verilən Məzahir Nəsibov adlı şəxs ölkədən qaçıb: “Bizdə olan məlumata əsasən onların hər biri başqasını aldadaraq, onu Məzahir adlı şəxslə tanış etmiş və beləcə biri-birini aldadaraq Məzahirin və öz xeyirlərinə pul mənimsəyiblər. Bizə bu da məlumdur ki, Məzahir adlı şəxs bütün bu məsələlərdən sonra ölkəni tərk edib və hazırda yeri bəlli deyil. Hazırda bu şəxs vaxtaşırı yalan ifadələrlə sosial mediada çıxışlar edərək ərizəçilər arasında çaxnaşmaya səbəb olan yalan arqumentlər yaymaqla məşğuldur.
Sözügedən ərizəçiləri aldadan Məzahir, onlara gözdən əlillər üçün Nərimanov rayon ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmiş 132 mənzilli yaşayış binasından mənzillərin veriləcəyini vəd edib. Mənzillərin bölgüsü prosesinə qədər Az GƏC-in rəhbərliyinə heç bir şəkildə müraciət etməyən aldadılmış vətəndaşlar görəsən niyə həmin günə qədər susur və bir dəfə belə olsun cəmiyyətə üz tutmurdular?”
Cəmiyyət rəhbəri iddia edir ki, bəzi şəxslər Məzahirə bu fırıldaqda kömək ediblər: “Məsimov Cavanşir Həsən oğlu Nərimanov rayon ərazisində ev alqı-satqısı ofisi adı ilə dəllallıqla məşğul olaraq, vaxtaşırı ərizəçilərlə Məzahir adlı şəxs arasında münasibət quraraq, onlardan Məzahirin və öz xeyrinə böyük məbləğlərdə pul vəsaiti mənimsəyib. Digər belə bir dəllal İlham adlı vətəndaşdır. O, da Cavanşir kimi Nərimanov rayon ərazisində ev dəllallığı ilə məşğul olaraq vaxtaşırı iddiaçılarla görüşərək Məzahiri onlara Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi tanıdıb və onlardan böyük miqdarda pul vəsaiti alıb. Məhz bu faktlar Xətai rayon Məhkəməsinin 22.07.2016-cı il tarixli qətnaməsində öz əksini tapıb. Məhkəmə prosesində aydınlaşan bu faktlar onu göstərir ki, iddiaçılar aldanılaraq müxtəlif zamanlarda ayrı-yarı maklerlərin, eləcə də bir-birlərinə qurulmuş qərəzli oyunların qurbanına çevriliblər.
Məzahir adlı şəxs vətəndaşlarla vaxtaşırı olaraq borc müqaviləsi bağlayaraq aldığı pul vəsaitlərini ev almayacaqları təqdirdə onlara qaytaracağını vəd edib. Bu kredit müqaviləsi adı altında vaxtaşırı edilmiş sövdələşmələrdən biri də 04.04.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilədə öz əksini tapır. Sövdələşmədə (müqavilədə) Məzahir adlı vətəndaşın iddiaçılardan birindən böyük miqdarda pul vəsaitini borc aldığı göstərilir”.
S.Abdullayev cəmiyyətin möhürü olan məktublara da aydınlıq gətirib:“Bu məktublar əsla Az GƏC tərəfindən təqdim edilməyib, hətta Məzahir adlı şəxs tərəfindən saxtakarlıqla hazırlanmış əsli olmayan bir sənəddir. Özünü də bizə məlum olmayan yollarla Cəmiyyətin yataqxanasına pasport qeydiyyatına salan Məzahir, bu yolla iddiaçıları inamını qazanmağa çalışıb.
Mənzillərin bölgüsü prosesində ortaya çıxan şikayətçilərin iddialarına əsasən aidiyyəti orqanlara bu saxtakarlıq barədə məlumat vermişik və dərhal bu ilin aprel ayının 8-də Nərimanov rayon Prokurorluğuna və Nərimanov rayon Polis idarələrinə həm saxtakarlıq, həm də dələduzluq faktına əsasən müraciət etmişik.
156 ailə aldadılıb. Amma onlardan sadəcə 5 nəfər istintaqa ifadə verib. Geridə qalanlar ifadə verməkdən yayınırlar. Gözdən Əlillər Cəmiyyətinə və Nərimanov rayon İcra Hakimiyyətinə qarşı atılmış böhtan xarakterli məlumatlar isə tamamilə əsassız və qərəzli mövqe daşıyır. İddiaçılara Az GƏC-in rəhbərliyi olaraq bir daha sözü gedən məsələ ilə əlaqədar aidiyyəti istintaq orqanlarına zərərçəkmiş kimi müraciət etmələri və açılmış cinayət işində ifadə vermələri tövsiyə olunur”.(Musavat.com)