Həbsdəki müavini Əli Abbasovun “kəlləsini” istəyir - dostları düşmən edən səbəblər
17-11-2016, 10:16
Sabiq nazir 6,8 milyon manat ödəməklə canını qurtarmaq istəyir, amma Vidadi Zeynalov onu rahat buraxmayacaq; Əli Abbasov niyə məhkəmədə ifadə verməkdən yayınıb?; o, ayda 300 min manat xərcləyirmiş...
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (qısa olaraq, Rabitə Nazirliyi) sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində hələ hazırlıq mərhələsində olsa da, artıq sensasion məqamlar üzə çıxmaqdadır.
Bir il əvvəl nazir Əli Abbasov işdən çıxarılmaqla canını qurtarsa da, nazirliyin aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, bir neçə idarə və müəssisə rəhbəri həbs edildi. Gözlənilirdi ki, “içəridəkilər” bir müddət gözlədikdən sonra sakit dayanmayacaqlar.
İlk dilə gələn də Ə.Abbasovun “sağ əli” V.Zeynalov oldu. O, vəkili vasitəsilə “oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun” deməklə Ə.Abbasova mesajını yolladı. İllərlə V.Zeynalovla bir müəssisədə işləyən, sözün bütün mənalarında bir süfrəni bölüşən sabiq nazir isə “mən təəssüf edirəm ki, belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır” deyərək cavab verdi.
V.Zeynalov bir ildir həbsdədir. Ə.Abbasov isə iddialara görə, nəzarət altındadır, ölkədən çıxa bilmir, müstəntiqlər arada sorğu-suala aparır, yenidən bağ evinə qaytarırlar. Barəsində ayrıca cinayət işi olduğu xəbərini özü bugünlərdə təkzib edib, amma onunla bağlı prosesin bitmədiyi dəqiqdir.
“Yeni Müsavat”ın əməkdaşının noyabrın 16-da iştirak etdiyi prosesdə məlum olub ki, Ə.Abbasov ibtidai istintaq zamanı nazirlikdə törədilmiş qanunsuzluqla əlaqədar vurulmuş ziyana üzrə 6836540 manat ödəniş aparıb. Amma Ə.Abbasov bununla canını qurtarıb demək olmaz. Çünki məlumatlara görə, sabiq nazir hazırda bir neçə mülkünü də satışa çıxardıb ki, onu da nağdlaşdırıb dövlətə qaytarsın, üstəlik, həm artıqlaması ilə, həm də dollarla...
Ə.Abbasovun azadlığını pulla alması görünməmiş hadisə deyil, bu, xüsusilə dövlət əmlakını mənimsəmə məhkəmələrində tez-tez rast gəlinən prosedurdu. Amma Ə.Abbasovun problemi qalan məbləği ödəmək deyil. İndi onun daha ciddi problemi “kəlləsini” istəyən müavini, nazirlikdə az qala yeraltı kabellərin haradan keçdiyinə də bələd olan Vidadi Zeynalovdur.
Noyabrın 16-da baş tutan prosesdə V.Zeynalovun vəkillərinin Ə.Abbasovun yaxasından əl çəkməyəcəkləri təsdiqlənib.
V.Zeynalovun vəkilləri çıxış edərək onun əmlaklarının üzərindən həbsin götürülməsini, istintaq zamanı ifadə verən sabiq nazir Ə.Abbasov və müavini İltimas Məmmədovun məhkəmədə dindirilməsini istəyiblər. Vəkillər Əli Abbasovun və İltimas Məmmədovun istintaq zamanı dindirildiklərini, lakin məhkəməyə çağırılan şahidlərin siyahısında onların adının olmadığını deyiblər. Hələ məhkəmə prosesi başlayanda digər ittiham olunanların da dilə gələcəyi ehtimalı böyükdür. V.Zeynalovun sabiq nazirinə qarşı bu tavrı səbəbsiz deyil. V.Zeynalov nazirini ələ verməyə, onun adını çəkməyə, hətta müdafiə də edə bilərdi. Necə ki, hələ həbslər başlamamış Ə.Abbasov nazirliyində heç bir qanunsuz əməllərin olmadığını iddia edir, həbslər olacağı ilə bağlı xəbər yazan medianı günahlandırırdı. Amma elə ki, həbslər başladı, Əli Abbasov susdu, işdən qovulduqdan sonra isə öz köşəsinə çəkilib istintaqla danışıqlara getdi ki, 6, 8 milyon ziyanı ödəməsi faktının açıqlanması bu gerçəyi ortaya çıxardı. Axı necə ola bilər ki, heç bir məsuliyyətə cəlb edilməyən sabiq nazir dövlətə vurduğu ziyanı ödəsin.
Ə.Abbasovun bu dönüklüyü, yalnız özünü qoruması V.Zeynalovu qəzəbləndirməyə bilməzdi. Ə.Abbasovu şantajçı dediyi keçmiş işçisi ilə birləşdirən təkcə şərikli korrupsiya olmayıb, iddialara görə, bu adamların arasından “su keçməyib”. İndi V.Zeynalovun bu dönüklüyünün qarşılığında Ə.Abbasovun məhkəməyə çağırılması başadüşüləndir. Ə.Abbasov isə işini daha “etibarlı” tutub, istintaqa ifadə verib, məhkəmədə isə V.Zeynalovla üz-üzə gəlmək istəməyib...
Amma hələ məhkəmə hazırlıq mərhələsindədir və Vidadi Zeynalov mütləq danışacaq...