Bakı 9 hissəyə bölünəcək – Paytaxtın Baş Palanı açıqlandı

23-12-2016, 00:20           
Bakı 9 hissəyə bölünəcək – Paytaxtın Baş Palanı açıqlandı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Bakının Regional İnkişaf Planı (282.322 ha), bu layihə çərçivəsində Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı (33.333 ha) və nəhayət Bakı şəhərinin bütün inzibati ərazisini əhatə edən Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan (247 641 ha) layihəsinin işlənilməsi başa çatdırılıb.
Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış müqaviləyə əsasən hazırlanan Baş plan istinad ili 2015-ci il olmaqla 2035-ci ilədək 20 il ərazində şəhərin ərazi planlaşdırma siyasətini müəyyən edir. Layihədə ilk dəfə Bakı şəhərinin bütün qəsəbələrinin və yaşayış məntəqələrinin baş planları hazırlanıb.
Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planında/Baş planda yaşayış məntəqələri üzrə vahid yanaşma və ərazi təşkilinin formalaşdırılması məqsədilə layihələndirmə işləri 9 planlaşdırma zonası üzrə aparılıb:
1. Cənub Planlaşdırma Zonası (Ələt, Qobustan, Səngəçal, Sahil, Ümid, Qızıldaş, Korgöz, Puta and Güzdək qəsəbələri) – 116224 ha
2. Şimal Planlaşdırma Zonası (28 May, Aşağı Güzdək, Müşviqabad, Ceyranbatan, Saray, Novxanı, Goradil, Fatmayı, Kürdəxanı, Pirşağı, Nardaran, Bilgəh və Maştağa qəsəbələri) – 33901 ha
3. Şərq Planlaşdırma Zonası (Buzovna, Mərdəkan, Şağan, Şüvəlan, Qala, Binə, Türkan, Zirə, Gürgən və Pirallahı qəsəbələri) – 41234 ha
4. Periferiya 1 Planlaşdırma Zonası (Lökbatan və Badamdar qəsəbələri) – 8191 ha
5. Periferiya 2 Planlaşdırma Zonası (Xırdalan şəhəri, Hökməli, Xocasən, Qobu, Masazır və Biləcəri qəsəbələri) – 9701 ha
6. Periferiya 3 Planlaşdırma Zonası (Binəqədi, Məmmədli, Mehdiabad və Digah qəsəbələri) – 7200 ha
7. Periferiya 4 Planlaşdırma Zonası (Sabunçu, Bakıxanov, Qaraçuxur, Bülbülə, Əmircan, Yeni Suraxanı, Ramana, Zabrat və Balaxanı qəsəbələri) – 2280 ha
8. Periferiya 5 Planlaşdırma Zonası (Zığ və Hövsan qəsəbələri) – 6891 ha
9. Bakı-Mərkəz Planlaşdırma Zonası (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai və Binəqədi rayonları, Əhmədli, Keşlə və M.Ə.Rəsulzadə qəsəbələri) – 12019 ha.
Komitədən göndərilən məlumatda qeyd olunur ki, layihədə qeyd olunan planlaşdırma zonalarının hər birinin inkişaf etdirilməsi ilə şəhərin inkişafında tarazlığa nail olmaq, yeni yaşayış məskənlərinin rasional paylanmasını təmin etmək, əhalinin məşğulluq problemlərinin həllində mütərəqqi beynəlxalq təcrübələrdən istifadə etmək qarşıya məqsəd kimi qoyulub. Sabunçuda 224 ha ərazidə Maliyyə Mərkəzi (Financial Center), Xırdalanda 1560 ha ərazidə Sənaye-Təchizat-Ticarət Mərkəzi (Trade Center), Ələtdə Smart city (Ağıllı şəhər) konsepsiyasının tətbiqi, yeni köməkçi Beynəlxalq hava limanının, qida sənayesi profilli Mütəşəkkil Sənaye Zonasının və 2500 yerlik Regional Xəstəxananın yaradılması, Qobu istiqamətində 1600 ha ərazidə İstixana Kompleksinin (Greenhouse Complex), Lökbatanda yeni kiçik və orta sənaye zonasının, şəhərlərarası avtovağzal kompleksinin təklif edilməsi, Böyük Şor gölünün şimalında Səhiyyə Parkı, Zığ gölü ətrafında yeni Rekreasiya əraziləri, Hövsan, Türkan istiqamətində Ali Təhsil Müəssisələri Kompleksi, Zabrat, Maştağa istiqamətində Aqro-turizm Mərkəzinin yaradılması, Maştağa qəsəbəsində Sakit şəhər (Slow city) konsepsiyasının tətbiqi ərazilərin dayanıqlı inkişafına nail olmaq istiqamətində nəzərdə tutulan tədbirlərdir.
Plan proqnozlarına əsasən, layihə ərazisinin 2015-ci il üzrə 2788935 nəfər təşkil edən əhalisinin 2035-ci ildə 3911250 nəfərə çatacağı nəzərdə tutulur. Plana əsasən hazırda adambaşına orta hesabla 20 m² təşkil edən yaşayış sahəsinin 25 m²-ə çatdırılması və bununla da ümumi yaşayış fondunun 56 milyon m²-dən 98 milyon m²-ə çatdırılması nəzərdə tutulub.
Hesabat dövrü ərzində məşğul əhalinin 2015-ci ildə təxminən 1205 min nəfərdən 2035-ci ildə 1771 min nəfərə çatacağı proqnozlaşdırılır. Sənaye sektorunun inkişafı ilə bağlı əsas plan qərarlarına Ələtdə 150 ha ərazidə yeyinti sənayesi profilli Mütəşəkkil Sənaye Zonasının (16 min yeni iş yeri) və 12 ha ərazidə Kiçik Sənaye Zonasının (2 min yeni iş yeri), Balaxanıda 122 ha ərazidə maşınqayırma sahəsi üzrə ixtisaslaşmış Mütəşəkkil Sənaye Zonasının (12 min yeni iş yeri), Xırdalanda 82 ha ərazidə mebel istehsalı profilli Kiçik və orta ölçülü istehsal zonalarının (10 minə yaxın yeni iş yeri) və Lökbatanda 128 ha ərazidə yüngül sənaye profilli KOM zonasının (6 min yeni iş yeri) yaradılması daxildir.
Kənd təsərrüfatı sektorunun inkişafı çərçivəsində layihə ərazisindəki 20796 ha-ya bərabər kənd təsərrüfatı torpaqlarının qorunması və əsasən ənənəvi məhsulların istehsalı üçün istifadə edilməsi nəzərdə tutulur. Bundan başqa, İspaniyanın Almeriya şəhərinin uğurlu təcrübəsini əsas götürərək yuxarıda qeyd edildiyi kimi, Bakının qərb hissəsində Qobu qəsəbəsində İstixana Kompleksinin yaradılması təklif edilir. Qeyd edilən istixana kompleksində təxminən 3200 yeni iş yerinin yaranacağı proqnoz edilir.
Ətraf mühitin sağlamlaşdırılması çərçivəsində hazırda 12 m² təşkil edən adambaşına düşən yaşıllıq sahənin perspektivdə 30 m²-ə çatdırılması planlaşdırılır. Bunun üçün yaşıllıq ərazilərin və parkların genişləndirilməsi, gölətrafı ərazilərin, xüsusən də Böyük Şor və Zığ göllərinin ətrafının yaşıllaşdırılması və rekreasiya məqsədləri üçün istifadəsi, Böyük Şor gölü ilə Xəzər dənizi arasında ekoloji dəhlizin – yaşıl zolağın (475 ha) salınması, müvafiq sahilbərkitmə tədbirləri görülməklə Dənizkənarı Milli Parkın dənizə doğru 70-100 m genişləndirilərək Zığ qəsəbəsinin ərazisinədək uzadılması və s. kimi tədbirlər nəzərdə tutulur. Maştağa və onu əhatə edən qəsəbələrin əlverişli coğrafi mövqeyi, iqlimi, özünəməxsus mədəni irsi, mənəvi dəyərləri, unikal milli memarlıq xüsusiyyətlərini nəzərə alaraq və onların qorunması məqsədilə ərazinin qeyd edildiyi kimi, Sakit şəhər konsepsiyasına uyğun inkişaf etdirilməsi nəzərdə tutulub. İnsanların sakit həyat tərzi keçirməsini dəstəkləyən bu model İtaliyada 90-cı illərin əvvəllərində tətbiq olunub və Böyük Britaniya, İsveçrə, Fransa və s. daxil olmaqla bütün Avropaya yayılıb. Maştağa və onu əhatə edən qəsəbələrin bu cür inkişafı gələcəkdə şəhər stresindən uzaq zonaların yaradılmasını təşviq edəcək.
Baş plan çərçivəsində ərazinin nəqliyyat əlaqəsinin təkmilləşdirilməsi məqsədilə ümumşəhər əhəmiyyətli magistral yolların uzunluğunun 2015-ci ildə 336 km-dən 2035-ci ildə 632 km-ə, rayon əhəmiyyətli küçələrin uzunluğunun müvafiq olaraq 594 km-dən 810 km-ə, yerli əhəmiyyətli yolların və küçələrin uzunluğunun 1000 km-dən 1879 km-ə çatdırılması planlaşdırılır. Əsas tıxacların əmələ gəldiyi şəhərdən çıxış istiqamətlərindəki yollara alternativ istiqamətlərdə yolların salınması planlaşdırılıb. Belə ki, Parlament prospekti ilə Bibiheybət arasında və Neftçilər prospektinə alternativ olaraq Dənizkənarı Milli Parkın genişləndirilən hissəsinin altı ilə tunellər, Xocasən istiqamətindən şəhərə doğru nəzərdə tutulan Moskva prospektinə alternativ yolun xarici dairəvi yol və Mətbuat prospekti ilə əlaqələndirilməsi təklif edilib. Həmçinin, metro xətlərinin Xırdalan, Badamdar və Lökbatan istiqamətində uzadılaraq sürətlə fomalaşmaqda olan yeni yaşayış məskənləri ilə əlaqələndirilməsi, metropolitenin perspektiv inkişafı üzrə nəzərdə tutulan tədbirlər daxil olmaqla uzunluğunun 37,82 km-dən 145,25 km-ə çatdırılması nəzərdə tutulur.
Mühəndis-kommunikasiya təminatının təkmilləşdirilməsi çərçivəsində gündəlik su təchizatı həcminin 458 min m³/gündən 642 min m³/günə, adambaşına düşən gündəlik su sərfinin itkilərin qarşısını aldıqdan sonra 302 l/sutkadan 296 l/sutkaya, adambaşına gündəlik çirkab suyun həcminin 272 l/sutkadan 266 l/sutkaya, hər mənzilə düşən elektrik enerjisinin 5,5-,8 kvt-dan 8-13,5 kvt-a, adambaşına düşən illik qazın həcminin 967 m³/ildən 1095 m³/ilə çatdırılması nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.