Keçmiş polis rəisinin məhkəməyə gətirilməsi ilə bağlı tədbir görüləcək

13-03-2017, 15:58           
Keçmiş polis rəisinin məhkəməyə gətirilməsi ilə bağlı tədbir görüləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qadının vəkilinin məhkəmədə iştirak etmədiyi məlum olub.
Bu səbəbdən müdafiəçinin iştirakı olmadan prosesin davam etdirilməsinin mümkün olmadığı açıqlanıb.
Daha sonra hakim bildirib ki, növbəti iclasda da vəkil iştirak etməsə, onu prosesdən uzaqlaşdıracaq.
Zərərçəkmiş Anarə Məmmədova təqsirləndirilən şəxsin qızının məhkəmədə dindirilməsinin vacib olduğunu deyib. O, həmin qızın bu işlə bağlı çox şey bilidiyini söyləyib: "Qız məhkəmədə dindirilsə, çox məsələlərə aydınlıq gətiriləcək. Həmçinin, biz istəyirik ki, Leylanın əri Mahir Əkbərov yenidən məhkəmədə ifadə versin".
Hakim M.Əkbərovun prosesə gətirilməsi ilə bağlı tədbir görüləcəyini qeyd edib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.
L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.