Azərbaycanda polis iti döyüb - Töhmət aldı + Video
29-03-2017, 13:25
Zaqatalada Nizami Ramazanova məxsus 3 aylıq küçük polis əməkdaşı tərəfindən döyülüb.
“Qafqazinfo”ya müraciət edən heyvansevər Elxan Mirzəyev bildirib ki, hadisə martın 17-də rayonun Muxax kəndində baş verib. E.Mirzəyev deyib ki, it balasını qonşu Tural Hacıömərov döyüb: “Tural Hacıömərov isə Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşıdır. Balaca küçük döyüldükdən sonra ağır xəsarətlər alıb, gözləri tutulub, ayaq üstə dayana, yeriyə bilmir. Bu barədə baytar rəyi də var”.
Küçüyün döyülməsinə səbəb onun T.Hacıömərova hürməsi olub. E.Mirzəyev hadisə ilə bağlı “102” xidmətinə müraciət etdikdən sonra Mühafizə İdarəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini deyib: “Rəhbərlik məni dinlədi, məsələ onlara da qəribə gəldi. Dedilər ki, araşdırıb qərar verəcəklər”.
T.Hacıömərov “Qafqazinfo”ya açıqlama verərək hadisənin necə baş verdiyini açıqlayıb: “Mən dəfələrlə onlara xəbərdarlıq etmişdim ki, itinizi yığışdırın, küçəyə çıxır. Mənim də qoyunlarım var, küçəyə buraxıram otlayırlar. Neçə dəfə onlara dedim, xeyri olmadı. Həmin gün yenə qoyunları küçəyə ötürüb evə qayıdırdım. Küçük qoyunların üstünə cumub onları hürkütdü. Mən də iti qovmaq üçün daş atdım, dəydi. Sonra küçük çıxıb getdi. Sonra da bunlar yazmağa başladı”.
T.Hacıömərov DİN rəhbərliyi tərəfindən bu hadisəyə görə töhmət aldığını bildirib: “Baş İdarədə araşdırma aparıldı, mənə töhmət verildi, cəzalandırıldım. Hələ iş yekunlaşmayıb, araşdırma davam etdirilir. Hələ ki işimdəyəm, amma bundan sonra necə olacaq bilmirəm. Baş İdarədən xəbər verəcəklər”.
[media=https://www.youtube.com/watch?v=ReVFhBG9tMM]