Tanınmış milyaderimiz Azərbaycanda bank alır
29-03-2017, 18:56
28 mart 2017-ci il tarixdə "Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib və yığıncaqda nizamnamə kapitalının 20 milyon manat artırılması haqqında qərar yektilliklə qəbul edilib.
Həmçinin 28 mart 2017-ci il tarixdə "Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni Sədri vəzifəsinə təyin edilib. O, Elçin Quliyevi əvəz edib. Qeyd edək ki, indiyədək Elçin Quliyev bankda ikinci ən böyük paya malik olan səhmdar idi.
Mətbuatda olan ən son məlumata görə, "Bank Respublika"nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), "Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)" (16,67%), "Sparkassen International Development Trust" (8,33%) və digərləridir.
Ən böyük səhmdarın nümayəndəsinin bankda bir nömrəli vəzifədən uzaqlaşdırılması Bankda səhmdar paylarının dəyişəcəyinə işarə edir.
"Marja”nın bank dairələrindən əldə etdiyi məlumata görə, bankın səhmdar kapitalında DEG-in payı artacaq. Həmçinin banka yeni səhmdar cəlb edilir. Qeyri-rəsmi məlumata görə, həmin şəxs "AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Teymur oğlu Əhmədovdur.
Devalvasiyalardan sonra Azərbaycanın bir çox bankları kimi "Bank Respublika” ASC-nin də zərəri artmış və bu səbəbdən məcmu kapitalı aşağı düşmüşdür. Nəticədə bankın kapitalının artırılmasına ehtiyac yaranmışdı. Dünən "Bank Respublika”nın səhmdarları Bankın bazarda qalmaqda israrlı olduğunu nizamnamə kapitalının 20 milyon artırılması ilə nümayiş etdirdilər. Lakin diqqəti cəlb edən kapitalda ən böyük paya malik olan Quliyevlər ailəsinin Bankın rəhbərliyindən kənarlaşmasıdır. Bu, Quliyevlər ailəsininn yeni 20 milyon manatlıq kapital artırımında iştirak etməyəcəyinə, artırımın əsasən yeni səhmdar tərəfindən həyata keçiriləcəyinə işarədir.
Qeyd edək ki, "SƏBA” ASC də Quliyevlər ailəsinin nəzarətindədir. Natiq Quliyev "SƏBA” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.
"Bank Respublika” ASC-nin mətbuat xidmətindən bildirilib ki, yeni səhmdar tərkibi, o cümlədən Fərhad Əhmədovun səhmdar olması haqqında hazırda onlarda məlumat yoxdur. Səhmdar tərkibi haqqında məlumat 2017-ci ilin 1-ci rübünün yekunları barədə maliyyə nəticələri ilə birlikdə ictimaiyyətə açıqlanacaqdır.