Nazir bu polisləri işdən qovdu
1-04-2017, 20:19
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynovun işdən çıxarılmasının səbəbi məlum olub.
Report-un məlumatına görə, onunla bərabər kapitan rütbəsində olan polis əməkdaşı da işdən çıxarılıb.
Bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı özlərini Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBA) əməkdaşı kimi təqdim edərək əxlaqsızlıq yuvasında qeyri-qanuni əməliyyat keçiriblər. Polislər fahişəliklə məşğul olan iki qadına özlərini İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları tutub. Daha sonra rəis və polis kapitanı qadınları İAQMBA-nın yaxınlığına aparıblar. Qadınlar onlara yalvararaq polislərə rüşvət təklif edib. C.Hüseynov qadınlardan 3 min manat alaraq onları sərbəst buraxıb.
Adları açıqlanmayan qadınlar polis əməkdaşlarının İAQMBA əməkdaş olmadığını və əslində əməliyyat keçirilmədiyindən sonradan xəbər tutub. Onlar hüquq-mühafizə orqanlarına müraciət edib.
Nəticədə vəzifəli polis əməkdaşları işdən çıxarılıb.