Vitrindəki manekenlər valideynlərin qəzəbinə səbəb oldu
7-04-2017, 09:09

Topshop geyim mağazası şəbəkəsi Böyük Britaniyada ciddi etiraza səbəb olub.
Bu barədə lenta.ru saytı “The Daily Telegraph”a istinadən xəbər verib. İnformasiyaya görə, etiraza səbəb olan məqam mağazanın vitrinlərində olduqca arıq manekenlərin olmasıdır. Bu problemə diqqəti cəlb edən şəxs isə britaniyalı Zoi Meyson olub. O, bununla bağlı etirazını sosial şəbəkədəki statusunda bildirib. Qadın bildirib ki, onun 15 yaşlı qızı mağazanın vitrinində qeyri-adi dərəcədə arıq manekenləri görəndə özünü pis hiss edib: “Mənim qızım ondan sonra depressiyaya girdi və dedi ki, “bir çox rəfiqələrimin özlərini kök hesab etməsi və ya bədənlərini bəyənməməsi də bu cür hallara görədir”.
Sözügedən status yüzlərlə layk yığıb və britaniyalı anaya öz təəssüfünü bildirənlər də çox olub. Statusa şərh yazanların böyük əksəriyyəti vitrinlərdəki manekenlərin anoreksiyadan əziyyət çəkdiyini bildirib. Bəziləri isə bildirib ki, ümumiyyətlə, həmin manekenlər aclıqdan əziyyət çəkənlərə bənzəyirlər: “Bu, bir qız üçün heç də yaxşı görüntü deyil. Bu cür nümunələri yığışdırmaq lazımdır”.
Musavat.com