Gəncədə it üstündə qan töküldü – Atasının gözü önündə oğlunu...
8-04-2017, 00:50
Qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Astan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, Astan Əliyev təxminən 2014-cü ilin may ayının əvvəllərində tanışı Habil Novruzova it verəcəyinə söz versə də, sözünə əməl etməyib. Buna görə də onların aralarında narazılıq yaranıb.
Çayxanada itin davası
Astan Əliyev 1 iyun 2014-cü ildə, saat 23 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan bağı” istirahət parkının yaxınlığındakı çayxanada olarkən Habil Novruzovla aralarında yenidən narazılıq olub.
Bu zaman Habil Novruzov it söhbətinə görə Astan Əliyevə sillə vurub. Sonra isə Astan Əliyev çayxananı tərk edib və yaşadığı Gəncə şəhəri, Almaz İldırım küçəsi, ev 5 ünvanına gəlib.
Evdə olarkən Habil Novruzovla mobil telefonla danışıb. Telefonda Habil Novruzov Astan Əliyevi nalayiq söyüşlərlə söyüb. O, təhqir olunduğuna görə, Habil Novruzovdan qisas almaq qərarına gəlib.
O, Habil Novruzovu öldürmək niyyəti ilə soyuq silah hesab olunan bıçaqla silahlanaraq evdən çıxıb. İyunun 2-də, gecə saat 02:30 radələrində mobil telefonla Habil Novruzovla danışıb və onu Gəncə şəhəri, “Xan bağı” parkına çağırıb.
Ata da oğlunun mübahisəsinə qoşuldu
Astan Əliyev evdən çıxan vaxt atası Əli Əliyevlə rastlaşıb. Əli Əliyev oğlunun əsəbi və hiddətlənmiş vəziyyətdə olduğunu gördüyü üçün narahat olub.
Əli Əliyev Habil Novruzov arasında yaranmış mübahisəni dinc yolla aradan qaldırmaq məqsədilə oğlu ilə birlikdə “Xan bağı” parkına gəlib. Orada Astan Əliyev atası Əli ilə Habil Novruzovla söhbət ediblər.
Bu vaxt Astan Əliyev Habil Novruzovla yenidən mübahisə edib və ondan qisas almaq niyyətini həyata keçirmək istəyib. Bu məqsədlə o, əvvəlcədən özü ilə gətirdiyi bıçaqla Habil Novruzova ardıcıl olaraq 2 zərbə vurub.
Aldığı xəsarətlərdən Habil Novruzov yerə yıxılıb. Lakin Astan Əliyev başladığı əməlini başa çatdırmaq məqsədilə yerdə yıxılı vəziyyətdə olan Habil Novruzova sol döş qəfəs və sol bazu nahiyələrinə daha iki dəfə bıçaq zərbəsi endirib.
Bu zaman atası Əli Əliyev onu tutaraq saxlayıb. Yaranmış fasilədən istifadə edən Habil Novruzov hadisə yerindən qaçaraq yaxınlıqda olan polis əməkdaşları və arvadı Mehriban Əmiraslanova tərəfindən qısa müddət ərzində xəstəxanaya çatdırılıb.
Ona vaxtında ixtisaslı tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub. Polisin keçirdiyi əməliyyat nəticəsində Astan Əliyev həbs edilib.
7 il cəza
Astan Əliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmək) maddələri ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Astan Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Astan Əliyev apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsüf edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Astan Əliyevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Astan Əliyevin apelyasiya şikayəti təmin edilməyib.