Azərbaycanda polis şöbəsində İNTİHAR- Səbəb məlum oldu

11-04-2017, 22:42           
Azərbaycanda polis şöbəsində İNTİHAR- Səbəb məlum oldu
Azərbaycanda polis şöbəsindəki intiharın təfərrüatları məlum oldu

Baş həkimə xəsarət yetirməkdə şübhəli bilinən şəxs polis şöbəsində niyə intihar etdi?

Ötən gecə Lənkəran şəhər polis şöbəsinin müvəqqəti saxlanma kamerasında baş vermiş intihar hadisəsi ilə bağlı təfərrüatlar məlum olub. İstiPress-in cənub bürosunun əldə etdiyi məlumata görə, intihar ötən gecə təqribən saat 3 radələrində baş verib. Deyilənlərə görə, Xolmili kənd həkim ambulatoriyasının baş həkimi Vahab Səfərova ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs - Xolmili kənd sakini, 40 yaşlı Fail Xudaverdi oğlu Hüseynov polis əməkdaşından su istəyib. Şübhəli şəxsə su verərkən F.Hüseynov qəfil hücum edərək polisin silahını götürüb və özünə atəş açaraq intihar edib. Mərhum polis kapitanı Fuad Nurullayevə məxsus xidməti tapançadan gicgahına bir atəş açıb və hadisə yerindəcə keçinib. Mərhumun meyiti məhkəmə tibbi ekzpertizası və pataloji anatomiya birliyinin Lənkəran rayon şöbəsində daxili və xarici müayinə olunduqdan sonra ailəsinə təhvil verilib və yaşadığı kənddə dəfn olunub. Kənd sakinləri sözügedən qətllə bağlı şübhəli bilinərək bir neçə gün öncə rayon polis şöbəsinə aparılan və orda həyatına faciəli şəkildə son qoyan Fail Hüseynovun maddi cəhətdən heç bir problemi olmadığını, onun tərəfindən hər hansı qarət və soyğunçuluq edilə biləcəyinə inanmadıqlarını deyirlər.

Atasının yanacaqdoldurma məntəqəsi, özünün bahalı maşını, dəbdəbəli evi olan Failin ailəsi ilə öldürülən baş həkimin ailəsi arasında da bu günə kimi heç bir konfliktin yaşanmadığı bildirilir. Həyat yoldaşı müəllimə olan Fail bir uşaq atası idi.

Xatırladaq ki, evə basqın hadisəsi martın 18-də, Xolmili kəndində baş verib. Belə ki, evə basqın edən şəxs və ya şəxslər 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin V.Səfərov bir neçə gün sonra Bakıda xəstəxanada dünyasını dəyişib. O, uzun illər kənd həkim ambulatoriyasının müdiri vəzifəsində işləyib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.