QAYINATA EVDƏ ÇILPAQ GƏZİR, GƏLİN NARAZIDIR
3-05-2017, 08:35
Bu hadisə evdə olan uşağın psixologiyası, etikası və ictimai davranış haqqında bildiklərini alt-üst edir
Bu günlərdə Şirvan şəhərindən Esmira adlı xanım qayınatasının qeyri-etik davranışı ilə bağlı "Çıxış yolu” verilişinə müraciət edib. Xanım canlı efirdə qayınatasından şikayət edərək onun evdə çılpaq gəzdiyini bildirib.
Qayınata gəlinin evdən bezib getməsi üçün özünəməxsus metod fikirləşib. Belə ki, o, evdə çılpaq gəzir. Onu da qeyd edək ki, evdə 8 yaşlı nəvə də var.
Etik cəhətdən yanlış və olduqca qorxunc görüntü olan hadisədə kimin günahkar olduğunu ayırd etmək olduqca çətindir.
Məsələ ilə bağlı sosioloq-jurnalist Lalə Mehralı bildirib ki, qocanın gəlini evdən göndərmək üçün evdə çılpaq gəzməsi bir qədər inandırıcı deyil. Amma ümumilikdə bu hadisə evdə olan uşağın psixologiyası, etikası və ictimai davranış haqqında bildiklərini alt-üst edir:
"Ola bilsin, ruhi-psixoloji problemləri var, danışdığını, hərəkətini bilmir. Amma gəlinin evdən getməsi üçün özünə görə bir tədbir fikirləşib belə edə biləcəyi ehtimalını da istisna etmirəm. Biz bu günə qədər nə cür vəziyyətlərin şahidi olduq. Hətta bir dəfə qayınana gecələr evdə qazanları, tavaları bir-birinə vurub gəlini, oğlunu narahat edirdi ki, evdən getsinlər. Axırda məlum oldu ki, qadın evi qızına vermək istəyirmiş. Ola bilsin, gəlin istənməyən olub, valideynlər onun ailəyə gəlməsinə qarşı olub, amma mane ola bilməyiblər, qayınata da bu yolu yoxlayır. Lakin oğlu bu məsələni həll eləyə bilər, ən pisi bir kirayə mənzil tapıb evdən çıxa bilərlər. Elə qəribə vəziyyətdir ki, insan nə deyəcəyini bilmir”.