Salyanda eramızdan əvvələ aid tarixi abidələr aşkarlanıb

3-07-2017, 21:30           
Salyanda eramızdan əvvələ aid tarixi abidələr aşkarlanıb
Salyan rayonunun mərkəzindən təxminən 20-25 kilometr aralıda yerləşən Yeni Uluxanlı kəndində tarixi abidələr aşkarlanıb.

”Report”un Aran bürosu xəbər verir ki, həmin kəndin ərazisində 7 Qardaş təpəliklərində adda-budda insan sümükləri tapılsa da, bunun fərqinə varan olmayıb.

Bu yaxınlarda isə həmin təpəliklərin yaxınlığında texnikalar vasitəsilə qazıntı işləri aparılarkən xeyli sayda insan sümüklərinə rast gəlinib. Hətta həmin təpəliklərin yaxınlığından keçən kanallarda belə xeyli sayda insan sümüklərini görmək mümkündür.

Mütəxəssislərin fikrincə, Kürsəngi kəndindən başlayaraq Kür çayına qədər təxminən 20 kilometr məsafədə orta əsr, eləcə də ondan əvvəlki dövrə aid yaşayış məskənlərinin eyni sıra üzrə getməsi, ticarət karvan yolunun tarixən bu ərazidən keçməsi Yeni Uluxanlı kəndinin qədimliyini söyləməyə imkan verir. İlkin ehtimala görə, kənddəki 7 Qardaş təpəlikləri Azərbaycan ərazisində son tunc, ilk dəmir dövrünə, yəni eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid olan kurqanlardır.

Professor Arif Məmmədov bildirib ki, həmin təpəliklərdə təkcə orta əsrlər dövrünə aid saxsı qabların qalıqlarının tapılması, tikinti kərpiclərinin nəzərə çarpması, qara çıraqların aşkarlanması bu ərazidə gur insan yaşayış məskəninin olduğunu göstərir.

Mütəxəssislərin fikrincə, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması olduqca zəruridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.