Eldar Mahmudovun qazını da, suyunu da kəsdilər... - Keçmiş MTN şefi iqtisadi blokadaya salınır...
4-07-2017, 20:17
Sabiq MTN şefi Eldar Mahmudovla bağlı Moderator.az -a maraqlı informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, sabiq nazirin Bakının Badamdar ərazisindəki villasına gedən qaz və su kəmərləri ərazidə yeni inşaat işləri aparan digər məmurlar tərəfindən kəsilib.
Bilgili qaynağın sözlərinə görə, E.Mahmudovun nazir olduğu dövrdə çəkilən və yüksək keyfiyyəti ilə diqqət çəkən bu xətlər hazırda məlum ərazidə villalar inşa edən yüksək ranqlı məmurlar tərəfindən mənimsənilməkdədir. E.Mahmudovun nazir olduğu dönəmdə hətta dövlət xəttindən daha çox toxunulmazlığa malik olan bu xətlərə açıq-aşkar əl qoyulması, onların istiqamətinin digər villalara yönləndirilməsi məmur kontingentinin keçmiş MTN şefini birdəflik gözardı etdiyini, artıq onunla hesablaşmağa zərurət hiss etmədiyini göstərir.
Mənbənin sözlərin görə, dəyəri on min manatlarla hesablanan, kilometrlərl uzaqlıqdan gətirilən bu xətlərin kəsilməsi ilə bağlı E.Mahmudova bilgi verilsə də, keçmiş nazir digər məsələlər kimi buna da reaksiya verməyə tələsmir. Baxmayaraq ki, aşkar şəkildə iqtisadi blokadaya salınması, infrastruktur baxımından təcrid edilməsi çətin ki, hər kəs kimi E.Mahmudov üçün də xoş olsun. Çox güman ki, keçmiş MTN şefi öz səssizliyini qoruyub saxlamaqla onun işığına, suyuna göz dikən məmur kontingenti ilə hesablaşmaq üçün daha əlverişli məqamı gözləyir.
Bilgili qaynaq E.Mahmudovun özünün yaşadığı villasının infrastruktur təminatı ilə bağlı heç bir problemin olmadığını bildirib.