Dövlət sərhədini pozan şəxs öldürülüb
5-07-2017, 17:56
İyulun 5-də Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş sərhəd pozucusu aşkar edilib.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, təqib olunan sərhəd pozucusu sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriyə qaçmağa cəhd göstərib.
Havanın qaranlıq və ərazinin mürəkkəb relyefə malik olması səbəbindən sərhəd pozucusunun müqabil tərəfə keçməsinin qarşısını almaq məqsədilə sərhəd naryadı silah tətbiq edib. Aldığı güllə yarasından sərhədi pozan şəxs ölüb.
Sərhəd Xidməti bildirir ki, sərhəd pozucusunun üzərinə baxış zamanı bir ədəd gecə görmə cihazı və 2 ədəd bağlamada 8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.
Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir ("Amerikanın səsi").