Film kimi qəza – 005 nömrəli "BMW" yolu kəsdi, 6 maşın toqquşdu - FOTO
24-07-2017, 10:56
Qəza baş verəndən sonra yolu kəsən “BMW”nin sürücüsü qaçıb
İyulun 23-də, gecə saat 22:35 radələrində aeroport yolunda dəhşətli qəza baş verib. Avtosfer.az xəbər verir ki, “Komosmol dairəsi” kimi tanınan ərazinin yaxınlığında 6 avtomobil toqquşub. Hadisə zamanı avtomobillərə xeyli ziyan dəyib, bir neçə yaralı var. Qəzaya ilk səbəb olan “Land Cruiser” markalı avtomobil sağ tərəf üstə aşaraq asfalt üzərində təxminən 100 metr sürünüb.
Qəzaya düşən “Hyundai” markalı, 99 BE 444 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Orxan Cəfərov Avtosfer.az-a bildirib ki, hadisənin baş verməsinə tamam başqa bir avtomobil səbəb olub və qəzadan sonra həmin avtomobilin sürücüsü olay yerindən qaçıb: “Mən saatda 100 km sürətlə gedirdim. Arxadan “BMW” 760 markalı, 10 RG 005 döbvlət nömrə nişanlı avtomobil “miqat” eləyib, amma mən görməmişəm. Sonra qabağıma keçdi, yolumu kəsdi və 120-lik yolda sürəti saldı 0-a. Sürücü düşüb mənə deyir ki, keç o biri zolaqla sür, yoxsa səni yellədərəm. Elə bil adam qaçırdır, “naqlıy” kəsdi yolumu. 1-2 dəqiqə danışdı. Dedim ki, maşını çək, pis yerdə dayanmışıq. Amma oturdu maşına, sürmədi. 10-15 saniyə sonra arxadan yüksək sürətlə gələn “Land Cruiser” markalı maşın mənim maşınıma dəydi. Mənim maşınımla dərmir arakəsmənin arasından keçib aşdı və təxminən 100 metr süründü. Qəzaya görə bir taksi yavaşladı, onu da arxadan bir “Mercedes” vurdu. Sonra da bir başqa maşın “Nissan”ı vurdu. Bir neçə nəfər yaralandı. Maşınlara çox ziyan dəydi”.
Orxan Cəfərov deyir ki, hadisə təhlükəsizlik kamerasının altlnda baş verib. O, ümid edir ki, görüntülərə baxandan sonra 005 nömrəli avtomobilin qəzaya səbəb olduğu üzə çıxacaq.
Qeyd edək ki, hadisə baş verən kimi “BMW” markalı, 10 RG 005 döbvlət nömrə nişanlı avtomobil oradan uzaqlaşıb.