İrandan Azərbaycana gətirilən heroinin həcmi 40 tondan 59 tona yüksəlib.
Virtualaz.org xəbər verir ki, bu barədə məlumat "İndependent” tərəfindən verilib. Məlumata görə, nəşr ABŞ-ın Bakıdakı səfirliyinin 12 iyun tarixli teleqramına istinad edir. KİV-in əlinə keçmiş teleqramda deyilir ki, İrandan Azərbaycana narkotrafik artıb.
Amerika diplomatlarının informasiyasına əsasən, Azərbaycana narkotik maddələrin 95%-i İrandan gətirilir. Buradan isə onun, demək olar ki, hamısı Avropa bazarına yollanır. Teleqramda deyilir ki, İran dünyanın ən iri narkotik ticarəti aparılan ölkələrindəndir. O, Əfqanıstanda istehsal edilən narkotik maddələrin ən fəal alıcısı, heroin üzrə isə ən iri istehsalçılardandır.
İranın xarici ölkələrə narkotik maddələrin çatdırılması üçün İraqın Nəcəf şəhərinin hava limanından istifadəı etdiyi iddia olunur. Bildirildiyinə görə, bu hava limanında İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri yoxlanılmır.