Seyf oğurlayan dəstə üzvləri danışdı: “Bir az şəhəri fırlanıb, sonra getdik” - VİDEO
1-08-2017, 22:26
Paytaxt ərazisində yerləşən mağazalardan birindən içində 17350 manat pul olan seyfin, o cümlədən 4000 manat dəyərində təmir-tikinti alətlərinin oğurlandığı barədə Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinə müraciət olunub.
TEREF.İNFO xəbər verir ki, yaradılan əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Bakı şəhər sakini Nizam Cavadzadə, Lənkəran şəhər sakini Muxtar Babazadə və şəxsiyyəti məlum olan daha bir nəfər tərəfindən törədildiyi müəyyən edilib. Görülən zəruri tədbirlər nəticəsində onlar tutulublar. Araşdırmalarla məlum olub ki, dəstə üzvləri oğurluğa Muxtar Babazadənin avtomobili ilə gediblər.
Nizam Cavadzadə - Saxlanılan şəxs: “Mindik maşına, getdik şəhəri biraz fırlandıq. Sonra da gəldik Badamdar qəsəbəsinə. Girdik içəri seyfi götürüb, çıxdıq. Ordan mənə 5400 manat pul düşdü”.
Muxtar Babazadə - Saxlanılan şəxs: “Gecə saatlarında Nizam mənə zəng edib. Gedib Nizamı, ondan sonra da Muradı götürmüşəm. Badamdarda Murad obyekti açıb, seyfi götürüb. Seyfi də götürüb Şıxovda açmışıq. İçində də pul var idi. Pulu da bölmüşük”.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir./ARB TV/